Şrift:
İslam Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinə vahid namizəd irəli sürülüb
18.11.2016 [16:19] - Xəbərlər, İslam dini
Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının fövqəladə iclası keçirilib.

İclasda ölkəmizi Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri, İƏT yanında daimi nümayəndə Rasim Rzayev təmsil edib.

Təşkilata sədrlik edən Özbəkistan xarici işlər nazirinin müavini Gayrat Fazilov iclası açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

Sonra İƏT baş katibinin vəzifələrini icra edən Abdullah Alim çıxış edərək deyib ki, fövqəladə iclas Səudiyyə Ərəbistanı Krallığının tələbi ilə Yəməndəki “husi” qiyamçılarının oktyabrın 27-də Məkkə şəhərinə ballistik raket hücumu cəhdinə üzv ölkələr tərəfindən münasibət bildirilməsi məqsədilə çağırılıb.

İclasda Səudiyyə Ərəbistanı nümayəndə heyətinə rəhbərlik edən xarici işlər üzrə dövlət naziri Nizar bin Übeyd Mədəni çıxışında üzv ölkələri “husi” qiyamçılarının bu cinayətkar əməlinə qarşı ciddi tədbirlər görməyə çağırıb.

Məsələ ətrafında İordaniya, Türkiyə, Misir, Qətər, İraq, Fələstin, Yəmən, İndoneziya, Liviya, Malayziya və digər ölkələrin nümayəndə heyətlərinin başçıları çıxış ediblər. Çıxışlarda terrorizmin bütün formaları kəskin pislənilib.

İclasda təşkilati məsələyə də baxıb.

Sabiq baş katib İyad bin Amin Mədəninin istefasından sonra bu vəzifəyə Yusif bin Əhməd Əl-Useyminin namizədliyi üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.

Səfir Rasim Rzayev baş katib vəzifəsinə namizədliyinin dəstəklənməsi münasibətilə Yusif bin Əhməd Əl-Useymini təbrik edib.
Bu xəbər oxucular tərəfindən 940 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed