Şrift:
Sepahın keçmiş komandanı Bakıda həbs olunan casuslarından danışıb
15.03.2012 [14:31] - Siyasət
İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri Möhsün Rzayiyə bağlı “Tabnak” saytı Azərbaycan Respublikası hökumətinə və onun rəsmilərinə qarşı yazı dərc edib.
Martın 14-də saytda yerləşdirilən “Azərbaycan Respublikasında İranla əlaqədə olan şəxslərin tutulması iddiası” başlıqlı yazıda deyilir: “Azərbaycan Respublikasının İrana qarşı düşmənçilik hərəkətlərinin ardınca bu ölkənin Milli Təhlükəsizlik Nazirliyi bəyanat yayaraq bildirib ki, İranla əlaqədə olan, sionist rejimin və Amerikanın Bakıdakı səfirliklərinə qarşı hücum planları hazırlamaqda günahlandırılan 22 Azərbaycan vətəndaşını tutub.
İddia edilib ki, tutulan şəxslər “Sepah”ın göstərişi ilə Amerika, sionist rejimi və digər Qərb ölkələrinin səfirliklərinə və onların işçilərinə qarşı terrorçu əməliyyatlar həyata keçirmək niyyətində olublar. Bildirildiyinə görə, tutulanlar 1999-cu ildən başlayaraq əməkdaşlığa cəlb olunub, İranın hərbi mərkəzlərində silahdan necə istifadə etmək və casusluq yolları ilə bağlı təlimlər keçib, Azərbaycanda xarici şirkətlər, səfirliklər və qurumlar haqda məlumat toplamaq üçün yetişdirilib. Bildirilir ki, “Sepah”ın Əkbər Pakrəveş adlı bir zabiti diqqət doğurmamaq və iz itirmək üçün həmin şəxslərlə Dəməşq və Moskvada görüşərək onlara pul və avadanlıqlar verib.
Azərbaycanın yeni iddiası elə bir halda irəli sürülür ki, bu ölkənin yüksək rütbəli rəsmilərinin İranın nüvə alimlərini şəhid edən terrorçularla əməkdaşlığında şübhə yoxdur. Bundan başqa bir iranlı sərhədçisinin Azərbaycan sərhədçilərinin əli ilə şəhid olması, Azərbaycanın sionist rejimin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi bu qondarma rejim rəsmilərinin utanmazlığından və həyasızlığından xəbər verir.
Bu rejimin müdafiə nazirinin İrana səfər etməsindən və “Azərbaycan kimi kiçik bir ölkə heç vaxt İran kimi böyük bir ölkə ilə düşmənçilik fikrinə düşməz” deməsindən sonra belə güman olunurdu ki, Azərbaycan Respublikasına hakim rejimin rəsmiləri ağıllanıblar. Lakin irəli sürülən bu son bəyanatlar onu göstərir ki, bu ölkənin rəsmilərinin ağılları başlarına gəlməyib. Azərbaycan hakimiyyətindəki parçalanma o qədər genişlənib ki, vahid siyasət yürütməkdə də acizdir”.
Bu xəbər oxucular tərəfindən 1350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed