Şrift:
“Müstəqil olmasaydıq, bizi güllələyəcəkdilər”
11.10.2011 [16:45] - Siyasət
“Amma bütün bunlara baxmayaraq, biz o vaxt sovet rejimiylə mübarizə apardığımıza və milli müstəilliyimizə nail olduğumuza görə olduqca şadıq”

İstənilən əsər birinci onun müəllifinə xoş gəlir və heç şübhəsiz onun uğurlarına da ən çox məhz müəllif sevinir, həmçinin uğursuzluğuna ən çox üzülən də məhz onlar olurlar. Bəs görəsən, 18 Oktyabr 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının yaranmasına imza qoyan o vaxtkı deputatlarımız necə, əsərlərinin 20-ci il dönümünə sevinirlərmi? “Davam” bəzi istiqlalçı deputatların bu günü necə keçirəcəkləriylə maraqlandı.
Mirmahmud Mirəlioğlu: Yəqin ki, bu günü partiyamla birgə keçirəcəm,çünki partiyamız dövlət müstəqilliyimizin iyirminci ilinin qeyd olunmasıyla bağlı tədbirlər planı hazırlayıb və biz bu plan üzrə hərəkət edəcəyik.
Firudin Cəlilov: Bu günü rayondakı bağımızda ağac suvarmaqla keçirəcəyəm və yəqin ki, əksər istiqlalçı deputatlar da mənim kimi edəcəklər, çünki o vaxt bizimlə birgə bu mübarizəyə girişənlərin əksəriyyəti indi işsizdir, bütün deputatlara təqaüd verilməli olduğu halda istiqlalçı deputatlar təqaüd almırlar. Onlardan bəziləri ölüb, bəziləri isə hələ də müxtəlif mənəvi təzyiqlərə məruz qalırlar. Amma bütün bunlara baxmayaraq, biz o vaxt sovet rejimiylə mübarizə apardığımıza və milli müstəilliyimizə nail olduğumuza görə olduqca şadıq.
Qüdrət İsaqov: 18 Oktyabr Müstəqillik gününü harada və necə keçirəcəyimi müəyyənləşdirməmişəm. Amma çox istərdim ki, Azərbaycanın müstəqilliyinə səs vermiş bütün insanlar, Azərbaycanın Müstəqilliyi uğrunda çalışmış şəxslər bir yerdə görüşüb tariximizin parlaq səhifəsi olan 18 Oktyabr Müstəqillik bayramını birgə qeyd etsinlər.
Hacıbaba Əzimov: Bilirsiniz, Azərbaycan birdən-birə müstəqil olmayıb. Hələ müstəqillik aktından yarım il öncə, Martın 7-dəki referendumda “yox” deyən 43 nəfər öz həyatlarını, ailələrini təhlükəyə atmaq hesabıyla da olsa, bu ölkənin müstəqillik aktını müzakirəyə çıxardı. Əgər SSRİ dağılmasaydı, yəqin ki, hamımızı güllələyəcəkdilər. Biz bunu heçə sayaraq hərəkət elədik. Və qalib gəldik. Bu elə-belə qələbə deyildi. İlk dəfə bütün dünya bizi tanıdı. Biz müstəqillik aktını müzakirəyə çıxardığımız sessiya iclasına indi özlərini dövlətçi, millətçi adlandıranların çoxu gəlməmişdilər. Çünki onlar SSRİ-nin oyuncaqları idilər. Biz müstəqilliyimizi elan eləməklə onlara qalib gəlmişdik. Düzdür, sonra onlar hakimiyyətə gəldilər. Onların hakimiyyətə gəlməsiylə istiqlalçı deputatların qara günləri başladı. Təqibə başladılar, Dilarə Əliyeva və Aydın Məmmədov kimi vətənpərvər insanlar müəmmalı şəkildə öldü. Sonra işsiz qoydular bizi, bütün deputatlar təqaüd aldıqları halda istiqlal deputatları bundan məhrum ediliblər. Ədalət Rəhimli, Mürşüd Məmmədli kimi istiqlalçılarımız ağır xəstəliyə düçar oldular və müalicələri baha başa gəldiyinə görə sağala bilmədilər. Dövlət onların qayğısına qalmalı idi. Axı bu dövlətin yaranmasının səbəbi onlardır! Amma biz əsla etdiklərimizdən peşman deyilik və vətənimizin müstəqilliyinə nail olmaqla şəhidlərimizi məqsədlərini çatdırmaqdan qürur duyuruq.
Qaldı bayram keçirməyə, əsas olan bizim bayramı necə keçirdiyimiz deyil, xalqın onu necə keçirməyidir. Sizcə, Azərbaycan gənci müstəqillik gününün dəqiq tarixini bilir? Yox. Bəs bu müstəqilliyin bizə nə verdiyini necə, başa düşürmü? Məncə,yox. Çünki, dövlət var-gücüylə ona bunu unutdurmağa çalışır. 2006-cı ilin Dekabrına kimi bu gün qeyri-iş günüydü. Sonra Hadı Rəcəbli MM-in iclasında qalıb deputatlara yalan danışdı ki, guya dünyanın hç bir ölkəsində bu gün qeyd olunmur .Təsəvvür elə k, Rusiya kimi dövlət SSRİ-dən çıxıb müstəqil olduğu (!) günü bayram kimi qeyd edir amma biz o müstəqillikdən ötrü 20 Yanvar boyda fəlakət yaşaya-yaşaya, azadlıq uğrunda vuruşa-vuruşa müstəqilliyimizi qeyd eləmirik. Əgər belə davam eləsə, bu, gənc nəslin tariximizə qarşı biganə münasibət göstərməsinə səbəb ola bilər.
Sülhəddin Əkbər: Bu bayramı keçirə bilməyəcəyik, çünki Azərbaycanda mövcud siyasi durum insanda bayram əhval-ruhiyyəsi qoymur. Əlbəttə ki, dünənimizə baxıb sevinirik amma bu günə qayıdar-qayıtmaz sevincimiz itir.
Sabir Rüstəmxanlı: Müstəqillik gününü digər istiqlalçılarla birgə keçirməyi planlaşdırıram.
Öz növbəmdə mən dövlətimizin müstəqilliyində pay sahibi olan hər kəsə təşəkkür edir, həmçinin bütün xalqımızı müstəqillik günü münasibətilə təbrik edirəm! Allah azadlığımızı əlimizdən almasın!

Şahlar Ruhi
Bu xəbər oxucular tərəfindən 1836 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed