Şrift:
“Fransızlar Əlcəzairdə, Tunisdə və bu kimi ölkələrdə insanları kütləvi surətdə qırıblar”
11.10.2011 [17:02] - Müsahibə
Zaur Əliyev: “Afrikada müsəlman dövlətlərinin Türkiyə meylli olması Fransanın bu regiondan çıxarılması təhlükəsini yaradıb”

“Diaspor və Lobbi” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, analitik Zaur Əliyevlə müsahibə

- Zaur bəy, Sarkozi Ermənistanda verdiyi bəyanatında “Soyqırımının inkarını kriminallaşdırmaq məcburiyyətində qalacağıq” dedi. Sizcə, Fransa prezidenti bununla nə demək istəyir?
- Son zamanlar dünyada baş verən geosiyasi proseslər aparıcı dövlətləri açıq diplomatik gedişlər etməyə məcbur edib. Xüsusilə, “Ərəb baharından” dərhal sonra uzun müddət siyasi proseslərdən uzaq olan Fransanın belə aktivliyi onun yeni dünya xəritəsində keçmiş müstəmləkələrini “bərpa” etmək arzusu ilə bağılıdır. Bu gün İslam ölkələrinin lideri mövqeyində çıxış edən Türkiyənin artan nüfuzu Fransanı çox narahat edir. Afrikada müsəlman dövlətlərinin Türkiyə meylli olması onun bu regiondan çıxarılması təhlükəsini yaradıb. Tarixdən də məlumdur ki, Fransa daima anti-Türkiyə siyasəti yeridib. ABŞ-ın təkidlərinə baxmayaraq Türkiyənin Avropa İttifaqı sıralarına daxil olmasına süni maneələr yaradan Fransa bu işdə erməni və kürd faktorundan məharətlə istifadə edir. 2004-cü ildə Türkiyənin Aİ-yə üzvü demək olar ki, həll edilən zaman Fransa Ankaranı xarici siyasət problemlərində Kipr problemi kimi, Türk-yunan konflikti, Türk-erməni münasibətlərinin nizama salınmaması, hər şeydən əvvəl 1915-1923-cü illərin hadisələrinə münasibət, kürd problemi kimi bir sıra məsələlərin həll edilməməsinə dair sənədləri imzalamağı tələb etmişdi. Nəticədə bu süni maneə Avropaya inteqrasiyada Türkiyənin qarşısını kəsmişdi. Hətta bu gün ABŞ-ın “Türkiyənin Aİ-yə qəbul edilməsini rədd etmək özü ilə kəskin mənfi nəticələr gətirə bilər. Biz Türkiyə ilə yerdə qalan Avropa arasında parçalanmaya icazə verə bilmərik”-çağırışlarına baxmayaraq, Fransa və Hollandiya qəti olaraq Türkiyənin qarşısını kəsiblər. Bu siyasətin başında duran Fransa Türkiyəyə qarşı erməni faktorundan istifadə edir. Biz bunu Fransanı erməni teror təşkilatları üçün ölkəsində yaratdığı geniş imkanlarda görə bilərik. 1997-ci il dekabr ayının 3-də Yerevanın qərbində yerləşən Aytaq yaşayış məntəqəsində Yekuş-Vardagesin başçılıq etdiyi kilsədə "Asala"nın Fransa erməni icmasının üzvləri tərəfindən hazırlanmış «Böyük Ermənistan» xəritəsinə əlavələr edildi. Fransadan gəlmiş Heron Akopyan (məşhur «Akopyan» firması) həmin xəritələri yayıb çoxaltmağı öhdəsinə götürərək maddi və texniki məsələləri həll etdi. "ASALA"nın üzvləri üçün gümüşdən, üstündə xaç və qartal caynağı olan nişanlar hazırlandı. Bunun xərcini isə Fransa kəşfiyyatı çəkmişdi. Bütün dünyanın diqqət mərkəzində olan "Bakı - Tiblisi - Ceyhan" neft kəmərinin ötüb keçdiyi məntəqələr erməni tetror təşkilatı olan "Pidain"çilərin strateji proqramlarında qərar tutur. Özünü erməni millətinin fədaisi sayan Sero Darbinyanın bu ilin yanvarında Axalkalakidə Fransadan gəlmiş "qonaqlar"la görüşü və görüşdən sonra azərbaycanlılara qarşı təcavüzkar planlardan daşınması, maddi cəhətdən təmin edildiyini deməsi də diqqətdən yayınmamalıdır.
Bütün bunlar Fransada anti-Türk siyasətinin bariz göstəricisidir və “soyqırımın inkarını kriminallaşdırmaq məcburiyyətində qalacağıq” deməklə Sarkozi terror təşkilatlarına maddi dəstəyi gücləndirəcəyini bildirib. Türkiyənin qatı düşməni olan PKK-ya daimi dəstək göstərən Fransada yayan 100 000-120 000 kürddən çox hissəsinin Türkiyəyə qarşı döyüşlərdə iştirak edən kürd terrorçular olduğu heç kimə sirr deyil. Üzdə PKK-ya qarşı əməliyyat apardığını göstərən Fransa xarici işlər nazirliyi, kürd probleminə həll axtarışında rol almaq istəyən "Kürd mənşəli nümayəndələrin" PKK şiddəti ilə aralarına məsafə qoymaları lazım olduğunu açıqlaması birbaşa onun kürd hamisi olduğunu sübut edir. İllərlə Parisdə kürd institutu yaradan və guya kürdlərin demokratik hüquqlarından müdafiə edən Fransa Türkiyəyə qarşı terrorçuların hazırlanmasında birbaşa iştirak edən dövlət olub və hazırda da erməni-kürd gizli dəstələrini himayə edir. Avropanın “sivil” dövləti kimi özünü təqdim edən Fransa bu açıqlamasını Türkiyəni terrorla hədələmək kimi başa düşülməlidir. Türkiyə ilə yanaşı bu hədə Azərbaycan və dolayısı ilə ABŞ-a qarşı yönəlibdir və biz gələcəkdə Amerikanın böyük layihələrinin təhlükə altında olduğunu görəcəyik.
- Ümumiyyətlə, Fransanın qondarma erməni soyqırımı ilə bağlı siyasətinin arxasında hansı amillər durur ki, bu dövlət rəsmi şəkildə erməni məsələsini dəstəkləyir?
- Əslində bu gün Fransa Türkiyə faktorundan istifadə edərək anti-İslam siyasətini yeridir. Fransanın ölkə daxilində yeritdiyi siyasət hətta bəzi Avropa dövlətlərinin haqlı narazılığı ilə qarşılanmışdı. Fransanın BMT-dəki daimi nümayəndəsi Jerar Aro çıxışında İranı hərbi zərbə ilə vurmaq hədəsi, Suriya və Liviyada müxalifəti tam silahlandıraraq vətəndaş müharibəsinə şərait yaratması, Suriya və Türkiyə arasında artıq gərgin vəziyyətin yaranmasını birbaşa Fransa diplomatiyasının nəticəsi kimi qəbul etmək olar. Amerika və Avropa irqçiləri dünyada İslam dininin vüsət almasına etiraz olaraq Strasburqda mərkəz yaradıblar və onun maliyyəsini Fransa hakmiyyəti maliyyələşdirir.
Fransa başda olmaqla Avropa ölkələrinin əksəriyyətində əhalinin böyük hissəsi ateistdir. O ölkələrdə heç xristian dini də nüfuzlu deyil. Əhalinin çox cüzi bir hissəsi dindardır, kilsələrə gedib ibadət edirlər. Qərbi Avropa ölkələrində İslam qorxusu təsadüfi deyil. Bu ölkələrdə ailəsizlik, dinsizlik, ifrat azadlıq üstünlük təşkil edir. İslam isə bütün bunları inkar edir. Mənəviyyatı pozulmuş Avropa cəmiyyətlərində boşluğu İslam doldurur. İslam mənəvi cəhətdən boşluğa düşmüş insanlara yol göstərir, onların nicatına çevrilir. Qərbi Avropa ölkələrində əhalinin kütləvi şəkildə İslamı qəbul etməsi də məhz bununla bağlıdır. Qərbi Avropa ölkələrinin siyasi rəhbərliyinin kürkünə birə salan da budur. Onlar əl altdan İslama qarşı hücum əmri verirlər. Bunun üçün dünyəvi cəmiyyət, elm irəli verilir, İslama qarşı qoyulur. Halbuki İslam heç zaman elmin əleyhinə olmayıb. Bu qorxuya da Avropada güc əldə edən Türkiyənin İslam hamisi kimi çıxış etməsi Fransanı antitürk siyasəti yeritməyə məcbur edir. Fransanın şimalındakı Notr Dam de Lorett şəhərində yerləşən hərbi məzarlıqda 148 müsəlman qəbri neonasistlər tərəfindən dağıdılıb, onların sinədaşlarına svastika çəkilməsi bu siyasətin bariz nümunəsidir.
Ümumiyyətlə, Fransa, Almaniya, İngiltərə, Polşa hələ də “Osmanlı qorxusu”ndan azad ola bilməyiblər. Avropanın yenidən Türkiyənin təsiri altına düşə bilməsi istiqamətində avropalı siyasətçilər eyni düşüncəyə malikdirlər.
İkinci bir məsələdə Fransada yaşayan ermənilərin səsini qazanmaq uğrundakı mübarizədir. Kifayət qədər maddi imkanlara malik olan ermənilərin mövqeyini qazanmaq orada siyasilərin əsas hədəfidir.
Bunu bir çevik siyasətçi olaraq Sarkozi də gözəl anlayır. Bu baxımdan, güman etmək olar ki, Ermənistanda olarkən Sarkozi ermənipərəst bəyanatlar verməklə, Fransada nüfuz sahibi olan erməni mənşəli iş adamlarını gələn il keçiriləcək prezident seçkilərində öz ətrafına çəkməyə çalışacaq. O, Yerevanda belə bəyanatlar verməklə erməniləri inandırmağa çalışacaq ki, Fransa həmişə olduğu kimi, yenə də ənənəvi ermənipərəst mövqeyini nümayiş etdirir.
- Fransa bu gün Türkiyəni soyqırım həyata keçirməkdə ittiham edir. Bəs, Fransanın Əlcəzair xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətini niyə yaddan çıxarır?
- 1945-ci ildə aclıq və yoxsulluğa qarşı çıxış edən əlcəzairlilərin Setifdə kortəbii xalq nümayişlərinə qarşı fransız qüvvələri güc tətbiq etdi. Əlcəzair tərəfinin hesablamasına görə, bu repressiyalarda bir gün ərzində 45 000 əlcəzairli həlak olmuşdur. Şahidlərin ifadəsində amansızlıqla öldürülən insanlarla yanaşı hətta diri-diri basdıran Fransa ordusunun bu hərəkətlərinə qarşı illərdir 8 Mayda anma mərasimləri edən əlcəzairli, Fransadan “soyqırımın qəbul edilməsini və üzr istəməsini” gözləyir. Bu müraciətlərə “keçmişi tarixçilərə buraxaq” cavabını verən Fransa Türkiyəni ittiham etməsinin arxasında ikili standartlar və xristian təəssübkeşliyi durur. 1956-cı ildə fransız müstəmləkəçiləri tərəfindən qazamatda saxlanılarkən lirik şeirlər yazan, fransız işğalından qurtulmağa çağıran inqilab şairi Müfdi Zəkəriyyənin bir misrasını xatırlatmaq istərdim:
Ey Fransa, bu gün hesab günüdür!
Elə isə sən bizim cavabımızı qəbul etməyə hazır ol!.
bu misralar fransızların törətdikləri soyqrımın miqyasının aşkar göstəricisidir. Əlcəzairin ikinci adının “1 milyon şəhid ölkəsi”olması bu qırğınlarla bağlıdır. Bütün diplomatların, o vaxtkı Fransa hökuməti, əhaliyə qarşı zor tətbiqinə görə çox ağır cavabdehlik daşıdığını bildirməsinə baxmayaraq Fransa bu soyqırımı qəbul etməməklə bir daha insan hüquqlarını pozan dövlət olduğunu göstərir.
- Sizcə, Fransanın Əlcəzairdən başqa hansı Afrika ölkələrində soyqırım siyasəti haqqında məlumatlar var? Bu barədə nə deyə bilərsiniz?
- Fransa 1962-ci ilə qədər Afrikanın şimalında əsl genosid siyasəti aparıb. Əlcəzairdə, Tunisdə və bu kimi ölkələrdə insanları kütləvi surətdə qırıblar. Əlcazairdən başqa Ruandada baş verənləri xatırlatmaq istərdim: 1998-ci ildə ənənəvi olaraq hakim rejimə istinad edən Paris genosidi təşkil edən hökumətə fəal kömək edirdi və əməkdaşlıq onun hakimiyyətə gəlməsinin son gününə qədər davam etmişdir.
Fransa, oradan qərb ölkələrinin vətəndaşlarını çıxartmaq üçün Kiqaliyə ordu göndərmiş və ruandalılar üçün təhlükəsizlik zonası təşkil etməyə çalışmaq pərdəsi altında, bu zonada qırğın davam etməsina şərait yaratmışır. Fransız ordusu isə genosidi dayandırmağa, hökumət qoşunlarına qarşı hücumu genişləndirməyə çalışan Ruanda partizanlarının yolunda faktiki maneə olmuş və nəticədə çoxsaylı insan qətliamı baş vermişdir.
İkinci Xocalı hadisəsi zamanı 366-cı Alaydakı hərbi texnika və silahların 85%-i Fransadan gəlib. Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd bronojilet, 11 ton konservləşdirilmiş yemək, min iki yüz cüt ayaqqabı (altı cür ölçüdə), 146 ədəd tapança ermənilərin istifadəsinə verilib. Xocalı faciəsi baş verən zaman Ermənistan Müdafiə Nazirliyinin hərbi kəşfiyyat xidmətinin təlimatçı-müşavirlərinin bir qisminin Fransadan gəlməsi faktı öz təsdiqini tapıb.

Söhbəti apardı: Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1818 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed