Şrift:
Ay yarımdır aclıq aksiyasında olan fəalın sağlıq durumu kritikdir / Urmiyə universitetində “Murtaza Muradpur azad olunmalıdır” şüarı səsləndirilib
10.12.2016 [12:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ay yarımdır aclıq aksiyasında olan azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpurun sağlıq durumu kritikdir.

Dekabrın 7-də aclıq aksiyasının 44-cü günündə Rəcayişəhr həbsxanasından Təbriz zindanına köçürülərkən fəaldan çəkilən şəkil onun olduqca zəiflədiyini, təxminən 20-25 kiloqram arıqladığını göstərir.

“Zindanın həkimi artıq qaraciyərimin yarısının sıradan çıxdığını, aclığım davam edərsə böyrəklərimin də sıradan çıxacağını bildirib. Həkimin sözlərinə görə, hər an ürəyim dayana bilər vəya komaya düşə bilərəm”- deyə azərbaycanlı siyasi məhbus öz ailə üzvləri ilə danışıqda bildirib.

Diqqətə çatdıraq ki, bu müddətdə siyasi məhbusun konstitusiyanın (anayasa) 134-cü maddəsinin icrası ilə bağlı tələbinə baxılmayıb, zindan və məhkəmə məsulları onun vəziyyətinə laqeyd yanaşıblar.

Deyilənlərə görə, səhhətinin ağır olmasına rəğmən siyasi məhbusda ruh yüksəkliyi hiss olunur, o, nəticəyə çatana qədər aclığa davam etdirəcəyini bildirib.

Bu arada dekabrın 7-də Urmiyə universitetində Öyrənci Günü münasibəti ilə tədbir keçirilib. Tədbirin cəsarətli aparıcısı çıxışı zamanı dövlətin populist siyasətlərinini kəskin tənqid edib.

“Qadınların hicab məsələsi bizi o qədər də əndişələndirmir. Bizi əndişələndirən milli fəalların aclıq aksiyası, vəzifəli şəxslərin korrupsiyası və millətin ac yatması, həmçinin türk millətinin hüquqlarının tapdalanması məsələləridir”- deyə aparıcı vurğulayıb. Aparıcının sözləri arasında mərasimdə dəfələrlə “Murtaza Muradpur azad olunmalıdır”, “Haray Haray mən türkəm” və s. kimi şüarlar səsləndirilib.

Tədbirin aparıcısı söhbətinin başqa hissəsində Urmu gölü böhranı ilə bağlı prezident Həsən Ruhaninin siyasətini sərt tənqid edib.

Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir.
Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed