Şrift:
Stepan Şaumyanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarla bağlı yeni faktlar təqdim ediləcək
27.03.2012 [15:28] - Xəbərlər, Özəl xəbər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarla bağlı hazırladığı sənədlər toplusunun bu həftə təqdimatı keçiriləcək. Bu barədə AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib.
Mahmudov qeyd edib ki, Tarix İnstitutunun dörd cilddə hazırladığı sənədlərdə ermənilərin törətdiyi cinayət faktları toplanılıb.
Onun sözlərinə görə, sənədlər tək Azərbaycandan deyil, bir sıra ölkələrdən də toplanılıb.
Tarixçi alim bildirib ki, sənədlərdə Bakı Quberniyasında Stepan Şaumyanın başçılıq etdiyi quldur dəstəsinin törətdiyi soyqırımla yanaşı, ermənilərin Azərbaycanın digər ərazilərində də törətdiyi vəhşiliklər əksini tapıb.
Soyqırım sənədlərinin toplanıb istintaqa təqdim olunması üçün AMEA-nın Tarix İnstitutu ilə Baş Prokurorluq tərəfindən 2010-cu ilin may ayında birgə elmi istintaq araşdırma qrupu yaradılıb.
Qeyd edək ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başladı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətdi.
Bu xəbər oxucular tərəfindən 1258 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed