Şrift:
“GƏLƏN İL BİZ ƏSASLI KADR İSLAHATLARININ ŞAHİDİ OLACAĞIQ”
16.12.2016 [21:47] - Gündəm, Müsahibə
Elşən Manafov: “Prezidentin təklif etdiyi iqtisadi yolxəritəsi mükəmməl hazırlanıb. Orada göstərilən müddəalar yerinə yetirilərsə, böhranın qarşısı alınacaq”
“Məncə yenidan Qarabağ məsələsini BMT-yə daşımaq mümkündür”




Neftin qiymətinin kəskin düşməsi, neft ixrac edən ölkələrin iqtisadiyyatına təsirsiz ötüşmədi.
Qiymətlərin düşməsi Azərbaycana da mənfi fəsadlar yaratdı. Milli valyutanın devalvasiyaya
uğraması vətəndaşların həyat şəraitinin pisləşməsinə səbəb oldu. Təbii ki, Azərbaycan hökuməti
fəsadların aradan qaldırılması üçün bir sıra addımlar atmağa, islahatlar həyata keçirməyə başlayıb. Artıq post-neft dövrünün tələblərinə uyğun olaraq iqtisadiyyatın inkişafı üçün yol xəritəsi hazırlanıb ki, bunun tətbiqinin böhranı aradan qaldıracağı gözlənilir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini Elşən Manafovla söhbətimizdə iqtisadi
konsepsiyaların faydaları haqqında danışdıq. Bununla yanaşı, partiya funksioneri ilə ölkədəki siyasi
duruma, təşkilatların fəaliyyətinə, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
aparılan danışıqlara qiymət verməyə çalışdıq. E.Manafov hesab edir ki, aztəminatlı vətəndaşların
maddi durumu pisləşib ki, bu danılmaz faktdır...

- Manatın devalvasiyasının qlobal iqtisadi böhranla əlaqədar olması sirr deyil. Neftin qiymətinin
kəskin düşməsi Azərbaycan kimi neftdən gəlir əldə edən ölkələrin büdcəsinə mənfi təsir göstərir.
Hökumət islahatlara başlayıb. Amma bu qısa zamanda müsbət nəticə verməyəcək. Vəziyyətdən
çıxmaq üçün Prezidentin təklif etdiyi iqtisadi yol xəritəsi mükəmməl hazırlanıb. Orada göstərilən
müddəalar yerinə yetirilərsə, böhranın qarşısı alınacaq. Müəyyən qüvvələr var ki, planların həyata
keçirilməsində, islahatların aparılmasında maraqlı görünmürlər. Həmin qüvvələr səmimi olsalar,
böhranlı iqtisadi durumdan çıxmaq mümkündür. Əks halda, vəziyyət daha da ağırlaşa bilər. Onu da
deyim ki, müəyyən kadr dəyişikliklərinin həyata keçirilməsi də zəruridir. Mənə elə gəlir ki, gələn
ildə biz əsaslı kadr islahatlarının da şahidi olacağıq.

- Siyasi cameənin fəaliyyətini necə qiymətləndirirsiz?

- Siyasi sferada durum ürəkaçan deyil. Müxalif qüvvələr çox zəifdirlər. Hesab edirəm ki, iqtidar
müxalifətlə münasibətləri yüksəltməlidir. Hakim partiya funksionerləri bəlkə də müxalifətin zəif
olmasında maraqlıdır və bunu sevindirici hal kimi qiymətləndirirlər. Əslində isə, müxalifət güclü
olarsa, o zaman bundan xalq karlı çıxar. Müxalif təşkilatların konsepsiyalarından, proqramlarından
yararlanmaqda hökumətə fayda ola bilər. Düşünürəm ki, iqtidarla müxalifətin münasibətlərinin
normal olmasına, əlaqələrin gücləndirilməsinə ehtiyac var. Çünki Azərbaycanın bütün qüvvələri
ümummilli məsələlərdə eyni fikirdədir.

- 20 ildən artıqdır Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparılsa da, müsbət nəticə əldə
olunmayıb. Qarabağ düyününün açılmasını nədə görürsüz?


- Çox təəssüflər olsun ki, Qarabağ münaqişəsinin sülhlə həllinə yardımçı olduğunu deyən ATƏT-in
Minsk Qrupu üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmir. Bunun da bir sıra səbəbləri var. Etiraf
edək ki, ATƏT özü bir təşkilat olaraq tövsiyyə xarakterli qərarlar qəbul edən bir qurumdur. Bu
təşkilatın tərkibində olan Minsk Qrupu problemi hansı yolla həll edə bilər ki? Eyni zamanda
həmsədr dövlətlərə də baxmaq lazımdır. Üç həmsədrin fikirləri, geosiyasi maraqları üst-üstə düşmür.
Bu dövlətlərdə bir xristian təəssübkeşliyi də mövcuddur. Azərbaycan nə qədər dini tolerantlıq
nümayiş etdirsə də, xristian birliyi öz sözünü deyir.

- Yəni hesab edirsiz ki, dini faktor əsaslı rol oynayır?

- Siz dini məsələyə barmaqarası yanaşmayın. Hər halda xristian təəssübkeşliyi önəmli rol
oynamasaydı, o zaman Ermənistanın prezidenti Sarkisyan bütün böynəlxalq hüquq normalarına
sayğısızlıq edərək, işğalçılığı davam etdirməzdi. Dini amilin rolu var ki, Ermənistanın şıltaqlıqlarına
səbr nümayiş etdirilir. Sarkisyanın işğal etdikləri Azərbaycanın Qarabağ bölgəsinə gəlib, hərbi
təlimlərə komandanlıq etməsi, artıq bütün hüquqi normaları tapdalamaqdır. Sarkisyanın bu hərəkəti
hesab edirəm ki, Azərbaycanı müharibəyə cəlb etmək niyyətindən qaynaqlanır. Təbii ki, rəsmi Bakı
sülh danışıqlarına sadiqlik nümayiş etdirib, səbr göstərir. Amma Azərbaycanın səbrinin də həddi
var.

- Səbrin tükənməsi, müharibə ilə çözüm məsələsini ortaya qoyur. Çıxış yolu müharibədirmi?

- Müharibəyə düşünülmüş şəkildə başlamaq lazımdır. Azərbaycan nə qədər bildirsə də ki,
Ermənistana qarşı müharibə yox, öz işğal edilmiş ərazilərimizdəki terrorçuları təmizləmək üçün,
hərbi gücdən istifadə edirik, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri bunu
Ermənistana qarşı müharibə kimi anlayacaqlar. Bu ilin aprel döyüşlərini biz gördük. Düzdü, KTMT
üzvləri müəyyən qədər loyal münasibət göstərdilər. Amma əsas güclərdən olan Rusiya atəşkəs üçün
əlindən gələni etdi. Bütün hallarda Azərbaycan müharibə addımını atmaq məcburiyyətində qalacaq.
Çünki 25 ildən çoxdur torpaqlar işğaldadır, Ermənistan işğalçılıq siyasətini davam etdirir, sülh
danışıqları isə heç bir nəticə vermir. Belə olan halda yalnız müharibə variantı gündəmə gəlir. Amma
müharibə qərarından öncə yenidən məsələ BMT-nin Təhlükəsizlik Şurasına çıxarılmalıdır. Təəssüflə
qeyd etmək lazımdır ki, Azərbaycan Təhlükəsizlik Şurasında üzv olduğu bir il ərzində imkanlardan
səmərəli şəkildə istifadə edə bilmədi. Halbuki, o zaman münaqişəni Təhlükəsizlik Şurasının
gündəminə gətirib, məlum Qarabağ qətnamələrinin icrasına nail ola bilərdi. Yenə də gec deyil.
Məncə yenidan Qarabağ məsələsini BMT-yə daşımaq mümkündür. Sadəcə çalışmaq lazımdır.
Bununla hansısa nəticə əldə olunmasa, o zaman müharibə qaçılmazdır. Azərbaycanın hərbi yolla öz
ərazilərini işğalçı separatçılardan azad etmək üçün, kifayət qədər gücü var. Hərbi əməliyyatlara
başlanılsa, qısa müddətdə uğur əldə edilsə, o zaman beynəlxalq güclər Azərbaycanla hesablaşmağa
məcbur olacaqlar. Rəsmi Bakı ilə danışıq aparmağa cəhd göstərəcəklər, Azərbaycanın şərtlərini
dinləyəcəklər. Bu zaman dolayısıyla Ermənistana təzyiq edəcəklər.

Anar Bayramoğlu
Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed