Şrift:
Teatr fenomeni Tofiq Kazımov haqqında kitab Milli Rəqəmsal Yaddaş bazasında
27.12.2016 [12:02] - Köşə yazarları, Kitab evi
Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurasının sədri, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovun “Tofiq Kazımovun rejissor dərsləri” kitabı AMEA Mərkəzi Elmi Kitabxanasına təqdim edildi.

Azərbaycan teatr sənətinin parlaq simalarından biri, xalq artisti M.F.Axundov adına Dövlət mükafatı laureatı rejissor Tofiq Kazımovun həyat və yaradıcılıq yoluna həsr edilən bu kitabda görkəmli sənətkarın uzun illik səhnə və pedaqoji fəaliyyəti səhifə-səhifə diqqətə çatdırılır. Təqdim edilən kitab müəllifin Tofiq Kazımovun yaradıcılığına həsr edilmiş sayca üçüncü əsəridir. Burada yer alan Tofiq Kazımovun professional xüsusiyyətləri, pedaqoji metodikası, rejissor poetikası barədə qənaətlər, konkret tamaşalar, tədris prosesi əsasında və müəllifin şəxsi müşahidələrinə, tarixi-estetik faktlara istinadla verilmişdir. Tofiq Kazımovun tələbəsi olmuş, sonrakı illərdə onun rəhbərliyi altında çalışmış müəllifin araşdırmaları, bu böyük teatr xadiminin şəxsi qeydləri, sənət məsələləri ilə bağlı mülahizələri əhəmiyyətli elmi-nəzəri dəyər kəsb edir. Kitab milli teatr sənəti tariximizdə özünəməxsus yer tutan Tofiq Kazımovun yaradıcılıq irsi ilə maraqlanan rejissor, aktyor, teatrşünas tələbələrə, teatr ictimaiyyətinə, eləcə də geniş oxucu kütləsinə ünvanlanıb.

Azərbaycanın milli, mədəni, elmi irsinin mərkəzləşdirilmiş və sistemləşdirilmiş şəkildə qorunub saxlanılması, Azərbaycan və dünya araşdırıcılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə kitab Mərkəzi Elmi Kitabxananın “Milli Rəqəmsal Yaddaş” (MRY) bazasına daxil edilib.

Qeyd edək ki, MRY-nin məqsədi Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir. Bu baza Azərbaycana aid informasiyanı idarə oluna və əlaqələndirilə bilən strateji resursa çevirmək, informasiya müharibəsində üstünlük qazandıracaq təsirli silah formalaşdırmaq məqsədilə reallaşdırılır.
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed