Şrift:
Beyin
11.10.2011 [19:36] - Sağlıq
İmtahana yaxşı hazırlaşsaq da, nəyə görə bəzən diqqətimizi cəmləşdirə və cavab verə bilmirik? Nəyə görə həyatımızın vacib təfərrüatlarını xatırlamaq çətinləşir və biz yumor hissini itiririk? Əslində bunun səbəbkarı beynimizin işinə təsir göstərən stresdir. Bununla belə, beyin stresə müqavimət göstərməyə və öz işini bərpa etməyə qadirdir. Bizə isə ona kömək etmək qalır.

Səhhətimiz əhval-ruhiyyədən asılıdır
Bütün elmlər, o cümlədən tibb elmi vahid tamın hansısa hissəsinin öyrənilməsi yolu ilə gedir. Hətta «elm» (science) sözünün kökü «qayçı» (scissors) sözünün kökü ilə eynidir və onların ümumi mənası nəyisə hissələrə bölmək deməkdir. Elə buna görədir ki, həkimlər indiyə qədər yalnız müəyyən orqanı müalicə edirlər, insanın səhhətinin ümumi vəziyyəti isə onları az maraqlandırır. Yalnız son vaxtlar bu məsələyə başqa cür yanaşılmağa başlanılıb. Alimlər mürəkkəb insan orqanizmi sistemində hər şeyin bir-biri ilə sıx bağlı olduğunu müəyyən ediblər. Tibb elmində yeni istiqamət - psixoneyroimmunologiya beləcə yaranıb. İndi isə mütəxəssislər bir daha əmin olublar ki, beynin işindən asılı olan \intellektual imkanlarımız və yaddaşımız da əhval-ruhiyyəmizlə sıx bağlıdır. Orqanizmin bütün sistemləri ilə beynin əlaqəsi də tədricən daha aydın görünür. Biz sağlamlığımızı yalnız fikirlərimizin köməyi ilə və əhval-ruhiyyəmizdən asılı olaraq idarə edə bilərik.

Döyüşmək, yaxud geri çəkilmək?
Əhval-ruhiyyəmiz kəskin şəkildə dəyişən zaman səhhətimizdə nə baş verir? Orqanizmə bütünlüklə təsir göstərən psixoloji vəziyyətlərdən biri stresdir. Neqativ stress zamanı sağlamlığımıza əsas ziyanı beynin «əmri» ilə böyürəküstü vəzdən bir anın içində qana buraxılan hormonlar vururlar. Qlükokortikosteroidlər adlanan bu hormonlara kortizol, adrenalin (epinefrin), noradrenalin (norepinefrin) aiddir.
Bu hormonlar az miqdarda olduqda orqanizmi «döyüşmək, yaxud geri çəkilmək» vəziyyətinə hazırlaşdırırlar. Bu zaman beynimizin həssas hissəsi onun digər hissələrini də aktivləşdirir. Beynin bir-biri ilə əlaqəsi olan digər bütün sistemləri yüksək səviyyədə diqqətlilik rejiminə düşürlər - onlar mümkün olan bütün təhlükəyə müqavimət göstərməyə hazırdırlar. Sinir sistemi əzələlərə ya hərəkətsiz qalmaq, ya döyüşmək, ya da var gücü ilə qaçmaq barədə siqnal verir. Bu vacib funksiya bəşəriyyətin məhv olmamasına kömək edib.

Xilas olmaq, yoxsa düşünmək?
Xroniki stress zamanı stress hormonları beyinə və bütün orqanizmə ziyan vururlar. Həddən artıq kortizol baş beyin hüceyrələrini məhv edir. Xüsusən beynin təhsilə və yaddaşa cavabdeh olan hissəsinə ziyan dəyir. Beynin bu strukturu hipokamp adlanır.
İnsan beyni elə qurulub ki, o, eyni zamanda həm yaxşı düşünə, həm də xilas ola bilməz. Əgər təşviş reaksiyası artırsa, beyin yaddaşdan bilgilərini çıxara bilmir. Elə buna görədir ki, insanlar ağır situasiyaları sonradan yaxşı xatırlamırlar.

Məhv olan hüceyrələr
Yüksək miqdarda kortizol hipokampa mənfi təsir göstərəməyə başlayan kimi, məhz hipokamp əks əlaqə mexanizmini yaradır və kortizolun miqdarı aşağı düşür. Biz stresdən bu yolla çıxırıq.
Əgər stress xroniki forma alıbsa, kortizol hipokampın əks əlaqə mexanizmini işə salan neyron və reseptorları məhv edir. Nəticədə beyin kortizol «istehsalını» idarə etmək qabiliyyətini itirir. Kortizolun artma səviyyəsindən asılı olaraq get-gedə daha çox sinir hüceyrələri ölür, deqradasiya daha da dərinləşir. Belə insanda yaddaş və düşüncə funksiyası pozğunluğunun yaranması mümkündür.

Dərindən nəfəs alın!
Biz uzunmüddətli güclü stresin sağlamlığa necə ziyan vurduğunu aydınlaşdırıdıq. Buna görə də belə vəziyyətdən çıxmağın yolunu tapmaq lazımdır. Uzunmüddətli müşahidələr göstərir ki, köhnə və sınaqdan keçmiş vasitələrlə stresi azaltmaq mümkündür. Məsələn, nəfəsalma hərəkətləri (aerob hərəkətlər), yoqa ilə məşğulolma, meditasiyalar, dualar qanda kortizolun miqdarını aşağı salır.
Bundan əlavə, aerob hərəkətlər sayəsində beyinə daha artıq oksigen daxil olur və onun hüceyrələrinin böyüməsinə kömək edən hormonların sayı artır. Bu da sinir hüceyrələrini məhv olmaqdan qoruyur, onların iş qabiliyyətini saxlayır. Bundan başqa, yeni sinir hüceyrələri ikiqat sürətlə artmağa başlayırlar.

Stresi necə çıxarmalı?
İstənilən fiziki hərəkət, hərəki aktivlik stresə qarşı mübarizə aparmağa kömək edir. Məsələn, evdə yıt-yığış etmək, mebelin yerini dəyişmək, rəqs etmək, köhnə bir əşyanı yerə çırpıb sındırmaq, balışı döyəcləmək, hündür səslə oxumaq, yaxud bağırmaq, atıbıb-düşmək, qaçmaq olar. Lakin daha bir effektli üsul - su proseduru da var. Stress zamanı soyuq su altında dayanma çox yaxşı kömək edir. Əslində soyuq su özü də orqanimz üçün stresdir. Lakin bu, beyni başqa işə yönəldən fizioloji stresdir.

«Xoşa gəlmək və dostluq etmək»
Maraqlıdır, stresdən kim - qadın, yoxsa kim tez çıxa bilir? Stresə ilk reaksiya çox vaxt qadınlarda və kişilərdə eyni cür olur. Fərq sonradan yaranır. Əgər kişilərdə reaksiya əsasən «döyüş, ya da qaç»dırsa, bir çox qadınlarda «xoşa gəlmək və dostluq etmək» reaksiyası yaranır. Kişilər stress müddətində bir qayda olaraq özlərini ətrafdan təcrid edirlər, qadınlar isə əksinə, qohumlara, dostlara (xüsusən rəfiqələrinə) yardım üçün üz tuturlar.
«Xoşa gəlmək və dostluq etmək» reaksiyası mədəni mühitdən asılı deyil və bir-birindən fərqli qadınlarda müşahidə olunur. Çox güman ki, bu, qadınların uşaq tərbiyə etmək vəzifəsini daşıması ilə bağlıdır. Deməli, qadın nəslin davam etməsinin qayğısına qalmalıdır. Bunun üçün həyatına və sağlamlığına ziyan dəymədən çətin vəziyyətdən çıxmağı bacarmalıdır.
İnsan ətrafındakılardan kömək axtaranda stresə gətirib çıxaran problemi həll etmək şansını daha da artırır. Bəlkə qadınlar buna görə çox yaşayırlar? Kişilər bunu qadınlardan öyrənsələr, pis olmaz.
Nəvazişlə müalicə
Stresli vəziyyətlərdə həm kişi, həm də qadın orqanizmində oksitosin hormonları yaranır. Məhz bu hormon kortizolun miqdarını azaldır. Qadın orqanizmində oksitosinin miqdarı kişilərdəkindən artıq olur, lakin onun miqdarı daha çox insanın davranışından asılıdır. Nəvazişlə tumarlama və təmas onun qanda miqdarının artmasına səbəb olur. İstənilən fiziki təmas hansı cinsdən olmasına baxmayaraq stresi azaldır.
Buna görə də tənhalığa çəkilib, özünə qapılmaqdansa, sevdiyin insanların əhatəsində, onların nəvazişlərini hiss etmək daha yaxşıdır. İnsanın başının, çiyninin tumarlanması, öpülməsi, qucaqlanması çox vacibdir.
Yumor hissiniz itibsə…
Alimlər qeyd edirlər ki, beynin sağ yarımkürəsi hər hansı bir səbəbdən zədələndiyi zaman insan yumor hissini itirir. Məhz bu yarımkürə incə yumoru anlamağa «cavab verir». Bəzən beyninin sağ yarımkürəsi zədələnmiş adamlarda da bəsit yumor hissi qala bilər. Alimlər müxtəlif adamların beynini təşrih etdikdən sonra bu nəticəyə gəliblər. Məlum olub ki, yumor hissi beynin sağ yarımkürəsinin bəzi hissələrini işə salır.
Yumor hissindən məhrum olan adam daha tez depressiv vəziyyətə düşə bilər. Bu hiss beynimizi depressiyadan qoruyur.
İnsanların şən film və verilişlərə baxmaq həvəsi təsadüfi deyil, axı bundan sonra onların əhval-ruhiyyələri və səhhətləri yaxşılaşır. Bunu dünyanın hər bir sakinində, hər bir ölkəsində müşahidə etmək olar. Gülüşün verdiyi fayda heç nə ilə ölçüyə gəlməz. Odur ki, ürəkdən gülməyə çalışın.

Arzu
Bu xəbər oxucular tərəfindən 1109 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed