Şrift:
Gələn il Azərbaycanda səhiyyə sahəsinə 595,1 milyon manat ayrılacaq
12.10.2011 [15:34] - Sağlıq
Gələn il Azərbaycanda səhiyyə sahəsinə dövlət tərəfindən 595,1 milyon manat vəsait ayrılacaq. Bu, ötən illə müqayisədə 5,7 faiz çoxdur.

Səhiyyə üçün ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,5 faiz olacaq. Maliyyə Nazirliyindən verilən məlumata görə, bu, 2012-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

2012-ci ilin dövlət büdcəsində icbari tibbi sığortanın tətbiqinə 30,1 milyon manat ayrılması nəzərdə tutulub. Gələn il xroniki böyrək çatışmazlığı üzrə tədbirlərə 23,5 milyon manat, hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə 20,6 milyon manat, onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatına 14,5 milyon manat, “Şəkərli diabet üzrə Dövlət Proqramı”na 12,2 milyon manat, yoluxucu xəstəliklərə qarşı mübarizə üçün 4,5 milyon manat, vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsi üçün 3,5 milyon manat, Azərbaycanda HİV/AİDS-in qarşısının alınması və onunla mübarizəyə 3 milyon manat vəsait ayrılacaq.

Gələn il dövlət büdcəsindən ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlərə 2 milyon manat, qan və qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafı üzrə tədbirlərə 1,5 milyon, səhiyyə müəssisələrinin yenidən qurulması və əsaslı təmirinə 3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 1163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed