Şrift:
“Azərbaycanda diaspora hərəkatı bir qədər gec başlayıb”
03.04.2012 [14:15] - Diaspor
“Qarşımızdakı təşkilatlanmış qüvvələri, taleyüklü vəzifələri nəzərə alaraq daha aktiv olmalıyıq”

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalının "Olaylar" qəzetinə müsahibəsini təqdim edirik

-Əkbər bəy, bir müddət əvvəl Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis toplantısı keçirildi. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı olaraq qurultayın əhəmiyyəti və nəticələrini necə qiymətləndirirsiniz?

-Bu toplantı dünya azərbaycanlı gənclərinin və ya başqa sözlə desək, dünyanın dörd bir tərəfində yaşayan gənc soydaşlarımızın ali yığıncağı idi. Həmin tədbir ilk növbədə bir uğurdur ki, fərqli yaş qruplarından olan gənclər bir araya gəlmişdi. Dünya Azərbaycanlı Gənclər Birliyinin qurultayı xarici ölkələrdə yaşayan gənclərimizin Azərbaycançılıq ideoligiyası ətrafında birləşməsi, onların diaspora və lobbi quruculuğunda fəaliyyətinin artırlmasına yönəlik bir addım idi. Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında çıxış edənlərdən biri də mən oldum. Çıxışım zamanı öz fikirlərimi qurultay iştirakçılarına, gənc nəslin nümayəndələrinə çatdırmağa çalışdım.

-Sizcə, bundan sonra Azərbaycan diasporunun həyatında nə kimi yeniliklər baş verəcək və gənclərimiz diaspora və lobbi fəaliyyətində nə kimi aktiv rol oynayacaqlar?

-İlk növbədə onu qeyd etmək lazımdır ki, diaspora quruculuğu bizim üçün gənc bir hadisədir və digər ölkələrə nisbətən Azərbaycanda diaspora hərəkatı bir qədər gec başlayıb. Ancaq nəzərə alsaq ki, bu işin böyük gələcəyi var, onda biz bu işlə ciddi şəkildə məşğul olmalıyıq, Həmçinin, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da nisbətən yeni yaranmış gənc təşkilatlardır. Biz bir sıra xalqlar və qonşularımız kimi uzun illərdir ki, diaspora və lobbiçilik işi ilə məşğul olmamışıq. Bunu etiraf etmək lazımdır. o halda məhz gənclərin bu prosesdə aktivliyini artırmaq lazımdır. Təşkilatlanmış gənclərlə işləmək, eləcə də gəncləri bu istiqamətdə təşkilatlandırmaq kifayət qədər məntiqli və ehtiyac duyulandır. Bu mənada Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı əhəmiyyətli hadisə kimi dəyərləndirilə bilər. Ona görə də, Dünya Azəbayvanlı Gənclər Birliyinin təsis qurultayının təşkilatçılarını alqışlamaq lazımdır ki, bu mühüm məsələyə diqqət yetiriblər. Əminliklə qeyd etmək olar ki, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis quruıltayından sonra xaricdə yaşayan və ya təhsil alan azərbaycanlı gənclərin diaspora və lobbi quruculuğu istiqamətində fəaliyyəti intensivləşəcək və gənclərimiz bu prosesə yaxından dəstək verəcək, onun aktiv iştirakçısı olacaqlar.

-Ümumiyyətlə, beynəlxalq səviyyəli bir gənclər təşkilatının rəhbəri olaraq gənclərimizin bu günə qədər diaspora quruculuğu işindəki fəaliyyətini necə qiymətləndirirsiniz?

-Təbii ki, Azərbaycan gəncliyi bundan əvvəl də ayrı-ayrı təşkilatlar xətti ilə ayrı-ayrı platformalarda ölkəmizi, xalqımızı müxtəlif toplantılar, səfərlər, beynəlxalq təşkilatların tədbirlərində bu və ya digər dərəcədə təmsil edirdilər. Ancaq vahid bir mərkəzdə fəaliyyət göstərmək hesab edirəm ki, situasiyanı müsbət istiqamətə doğru dəyişəcək. Dünya Azərbaycanlı Gənclər Birliyinin rəhbərliyinə seçilən gənc soydaşımız Ramin Məmmədov istər hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini, istərsə də Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi kimi bütün bu məslələrin içərisindədir, cərəyan edən proseslərdən məlumatlıdır. O, dünyadakı gənclər arasındakı inteqrasiyası, Azərbaycan gənclərinin təşkilatlanma prosesindən bilgilidir, bu məsələlərin içərisində olan birisidir. İstər Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında seçilmiş qərarverici orqan, istərsə də Nəzarət Təftiş Komissiyasının tərkibi kifayət qədər tanınmış gənc nəslin nümayəndələrindən və diaspor təmsilçilərimizdən ibarətdir. Bunun özü də sözügedən təşkilatın gələcəyinə ümidlərlə baxmağa əsas verir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, eləcə də İslam Konfransı Təşkilatının Gənclik Platformasının baş koordinatoru Leyla xanım Əliyevanın da Dünya Azərbaycanlı Gənclər Birliyinin seçkili orqanlarında təmsil olunması sözügedən qurumun gələcək uğurlarına əsas verən amillərdən biridir.

-Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı olaraq mütəmadi şəkildə müxtəlif ölkələrdə səfərlərdə olur, beynəlxalq t\dbirlərə qatılırsınız. Səfər etdiyiniz ölkələrdə apardığınız müşahidələr nəticəsi olaraq Azərbaycan diasporunun fəaliyyətini, ayrı-ayrı ölkələrin ictimai-siyasi həyatına təsirini necə dəyərləndirirsiniz?

-Azərbaycan diasporunun fəaliyyətində olan dəyişiklik ölkədən ölkəyə fərqlidir. Hətta bu dəyişikliyi şəhərdən şəhərə də hiss etmək mümkündür. Məlum olduğu kimi, Dünya Gənc Türk Yazarlar Birliyi olaraq daha çox TÜRKSOY-lu ölkələrdə keçirilən tədbirlərə qatılır. Yaxud ayrı-ayrı ölkələrdə yaşayan və fəaliyyət göstərən türk icmalarının dəvəti ilə həmin ölkələrdə səfərlərdə oluruq. Təbii ki, Azərbaycan XX əsrin 90-cı illərində müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi diaspora sahəsində də müəyyən işlər görüldü. Xüsusilə, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra diaspora həyatında yeni bir canlanma yarandı. Ümummilli liderin bilavasitə iştirakı ilə keçirilən Dünya Azərbaycanlıların birinci qurultayı isə diaspora fəaliyyətində yeni bir mərhələ idi. Məhz bu qurultaydan sonra dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri və birliklərinin Azərbaycan dövləti ilə əlaqələri daha da intensivləşdi, diaspor təşkilatlarına yönəlik dövlət qayğısı artdı. Qurultaydan bir müddət sonra isə Heydər Əliyevin imzaladığı sərəncam əsasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Həmin dövrdə xaricdə yaşayan soydaşlarımızla əlaqəli belə bir qurumun yaradılması mühüm əhəmiyyət kəsb edirdi. Tədricən Azərbaycan diasporu təşkilatlanır, inkişaf edir, ayrı-ayrı ölkələrdə Azərbaycan maraqlarını müdafiə edirdi. Cənab prezident İlham Əliyevin iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının ikinci və üçüncü qurultayları isə Azərbaycan diasporunun inkişafına təkan verən, yeni-yeni hədəflər müəyyənləşdirən hadisələr oldu. Bu gün də diaspora sahəsinə dövlət qayğısı davam edir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, artıq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız həmin ölkələrdə Azərbaycanı layiqincə təmsil edir, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımları dünya ictimaiyyətinə çatdırırlar. Təkcə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində qısa zaman ərzində əldə edilən nailiyyətlər Azərbaycan diasporunun ötən illərlə müqayisədə xeyli inkişaf etdiyi, uğurlar qazandığını söyləməyə əsas verir. Ancaq bütün halda görülən işlərlə kifayətlənmək doğru olmazdı. Ümumilikdə cərəyan edən proseslər, indiyə qədər bu istiqamətdə atılmış addımlar və mövcud vəziyyət ondan ibarətdir ki, bizim görəcəyimiz hələ çox işlər var. İstər ayrı-ayrı dövlətlərə etdiyimiz səfərlər, istər müxtəlif beynəlxalq tədbilərdə iştirakımız zamanı ortaya çıxan nüanslar, istərsə də həmin ölkələrdə yaşayan soydaşlarımızla apardığımız söhbətlər belə deməyə əsas verir. Çünki, bizim qarşımızda kifayət qədər təşkilatlanmış, xüsusilə diaspora və lobbi quruculuğu sahəsində böyük təcrübəsi olan düşmən ölkə, Ermənistan, erməni diasporu var. Həmçinin dünyanın müxtəlif ölkələrində ermənilərin sözünü deyən, onlara dəstək verən ayrı-ayrı təşkilatlar mövcuddur. Bu mənada bizin diaspora sahəsində əldə etdiyimiz nəticələr qarşımıza qoyulan daha böyük hədəflərə gedən yolda atılmış addımlar kimi xarakterizə edilməlidir. Biz daha böyük nəticələr əldə etməyə məcburuq. Biz Azərbaycan xalqı, dövlət olaraq siyasətimizi heç zaman qan, soyqırım, nifrət üzərində qurmamışıq. Bizim xalqın mahiyyətində, dövlətin xarakterində bu yoxdur. Ancaq bizə qarşı ən yolverilməz üsullarla mübarizə aparan təşkilatlanmış qüvvələr var. Ona görə də, hər şeyin qaydasında olduğunu, gördüyümüz işlərin kifayət etdiyini söyləsək, bu qəbuledilməz olar. Bütün bunlara baxmayaraq indiyə qədər görülmüş işləri qiymətləndirərkən bir daha qeyd etmək lazımdır ki, biz hələ çox işləməliyik. Qarşımızdakı təşkilatlanmış qüvvələri, taleyüklü vəzifələri nəzərə alaraq daha aktiv olmalıyıq. Nə qədər ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyib, Şuşa, Xankəndi, Laçın, Kəlbəcər və digər işğal altında olan ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı dalğalanmır, Azərbaycan dövlətinin suveren hüquqları bütün ölkə boyu keçərli olmayıb bizim mübarizəmiz artan xətt üzrə davam etməlidir.
Bu xəbər oxucular tərəfindən 1103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed