Şrift:
Məktəblərdə ilk dərslər 20 Yanvara həsr edilib
19.01.2017 [12:00] - Xəbərlər, Gənclik, Özəl xəbər
Yanvarın 19-da paytaxtın ümumi təhsil müəssisələrində ilk dərslər 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunub.

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması məqsədlərinə xidmət edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə dərslərdə xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, bu hadisələrin acı nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən söz açıb, məktəbliləri xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa səsləyiblər.

Xalqımızın qəhrəmanlıq tarixi və mübarizə ruhu barədə şagirdlərin fikirləri dinlənilib, “Hər kəs Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün nə etməlidir?” mövzusunda fikir mübadiləsi aparılıb.

20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ərəfəsində paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Şəhidlər xiyabanına ziyarəti davam edir.
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed