Şrift:
106 yaşlı «Molla Nəsrəddin»
06.04.2012 [18:05] - Mədəniyyət
Cəlil Məmmədquluzadə: «»Molla Nəsrəddin»i zəmanə özü yaratdı»

Aprelin 7-də «Molla Nəsrəddin» jurnalının 106-cı ildönümü tamam olur. «Molla Nəsrəddin» müəyyən fasilələrlə 25 il çap olunub. Əvvəlcə Tiflisdə, az bir müddət Təbrizdə, sonra isə Bakıda fəaliyyət göstərib. Jurnalın Tiflisdə 370, Təbrizdə 8, Bakıda 390 nömrəsi çıxıb. «Molla Nəsrəddin» jurnalının ilk nömrələri ancaq Cəlil Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadənin gücünə çap olunub. Jurnal obrazlı desək, xalq ruhundan, folklorundan bəhrələnməklə öz fikrini oxuculara çox gözəl, məharətlə çatdırmaq imkanı əldə etmişdi. Mirzə Cəlilin yaradıcılığında xalq ruhundan, yaradıcılığından bəhrələnmə hədsiz güclü idi. O, uzun illər ərzində zəngin həyat təcrübəsi əldə etmiş, sonradan bunları məharətlə yaradıcılığa gətirmişdi. Mirzə Cəlil yaradıcılığında insanlara çatdırmaq istədiyi məqamları məharətli şəkildə ifadə edirdi. «Molla Həsrəddin» jurnalı Mirzə Cəlilin həyata, dünyaya münasibətinin təkmil ifadəsi kimi meydana çıxdı. O, elə bir gərgin zamanda fikirlərini demək üçün məhz satira yolunu seçdi. O dövrdə yazıçı-şair daha çox eləsi hesab edilirdi ki, yazılarında ərəb-fars sözlərini bolluca işlətsin, yazdıqları daha çox mürəkkəblik ifadə etsin. Ancaq Mirzə Cəlil bütün bu çərçivələri dağıtdı, ədəbiyyatı xüsusən dil etibarilə xalqa yaxınlaşdırdı. Böyük yazıçı incə yumorla xalqın fəlakətlərinin səbəblərini göstərməyə çalışırdı. Mirzə Cəlil hekayə yaradıcılığında da özünəməxsus idi. Hər bir hekayəsində cildlərlə kitabın deyə bilmədiyini deyə bilirdi. Bu, Mirzə Cəlilin böyüklüyü, az sözlə çox fikir ifadə edə bilməsi demək idi. Ümumiyyətlə, zamanımız elədir ki, hazırda özünəməxsus söz demək tamamilə çətinləşib. Hər halda insanın yaradıcı imkanları genişdir. Baxır kim o imkanları necə aşkara çıxarır. Mizə Cəlil sözün böyük mənasında xalqdan gəlirdi, həyatdakı eybəcərliklərlə barışa bilmirdi. «Molla Həcrəddin»də ilk şeir nümunəsini yazmaqla əslində özü demişkən, Sabirləri axtarırdı. Məhz jurnalın istədiyi şairlər başda Sabir olmaqla meydana çıxdılar. Əslində «Molla Həsrəddin»çilərin meydana çıxması xəlqi tələbatdan irəli gəlirdi. Xalq yüzillər ərzində məğlubiyyətlərinə, acılı-şirinli günlərinə rəğmən bütün məqamlarda özünün nikbin ruhunu folklorunda ifadə edib. «Molla Həsrəddin» məcmuəsi xəlqi soraqlardan bəhrələnməklə öz dövründə xalqın inkişafını yaratmaq üçün əlindən gələni edirdi. Bu, o demək idi ki, «Molla Həsrəddin» jurnalı xəlqi inkişafı yaratmaq inadında qətiyyən qeyri-ciddilik göstərmirdi. O, kütlənin avamlığını daim qamçılayır, avamlığı yaradan amillərlə döyüşürdü.

Habelə «Molla Həsrəddin» jurnalının karikatura sahəsində başladığı əməllər silsiləsi sonradan Azərbaycanda bu sahədə yenilik kimi uğurla davam etdirildi. Bu mənada Əzim Əzimzadə kimi «Molla Həsrəddin»çi rəssamımızın ötən yüzilin əvvəllərində meydana çıxması ciddi yaradıcılıq hadisəsi idi. Karikatura janrı son dərəcə gərəkli bir yaradıcılıq növü kimi 100 il əvvəl avamlığın, cəhalətin döyülməsində mühüm rol oynadı. Məhz Mirzə Cəlilin ustalığı sayəsində elə bir jurnal meydana çıxdı ki, o dövr üçün Azərbaycan cəmiyyətində milli problemlərimizin həlli yönündə satirik jurnalın etməli olacağı bütün işləri görmək qüdrətində olan bir nəşr kimi təkcə Azərbaycanda deyil, Şərqdə tanındı. Mirzə Cəlilin İranda «Molla Həsrəddin» jurnalının bir neçə sayını çıxarması da təqdirəlayiqdir. Bu gün çağdaş nəsil əvvəlki nəsillərin gördüyü uca əməlləri yaradıcılıqla inkişaf etdirməlidir. Sovet dövründə bu jurnalın başı az bəlalar çəkmədi. Sovet ideologiyası jurnalın onun xəttinə tabe olması üçün çalışsa da, mümkün olmadı.

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur «Molla Həsrəddin» jurnalının yaranması ilə bağlı Mirzə Cəlilin dediyi fikri misal gətirir: «Molla Həsrəddin»i məni əhatə edən ziyalılarla birlikdə ərsəyə gətirdim, özüm isə ağsaqqal oldum». Əziz Şərif 1910-cu ildən 1987-ci ilə kimi yazdığı gündəlikləri Cəlil Məmmədquluzadənin ömrünün və yaradıcılığının araşdırılması ilə bağlı qiymətli soraqlarla zəngindir. 45 cildlik gündəliklərdə onun 1932-ci ilə, yəni Cəlil Məmmədquluzadənin vəfatına qədərki dövrdə yazdıqları sözügedən mövzunun araşdırılması baxımından çox əhəmiyyətlidir. Ümumiyyətlə, həmin gündəliklərdə «Molla Həsrəddin»çilərin hər biri ilə bağlı maraqlı təəssüratlar var. Əziz Şərif Cəlil Məmmədquluzadənin həm atası Qurbanəli Şərifzadəyə, həm də özünə yazdığı məktubları çox səliqə ilə qoruyub, bu günə çatdırıb. Jurnalın 1911-ci il komplektində Mirzə Cəlilin yazdığı avtoqrafda deyilir: «Bu kitabı hamıdan çox sevdiyim və candan istədiyim Qurbanəli Şərifzadəyə təqdim edirəm ki, bizlər olmayanda oğlanlarımız xatırlayıb bizi yad etsinlər».

Mirzə Cəlil jurnalın maraqlı alınması üçün hər şeyi yüz ölçüb bir biçmişdi: 2 min tirajla çap olunan jurnalın birinci sayı iki saatın içərisində satılıb qurtarmışdı.

Bu barədə yazıçı özünün «Xatiratım» əsərində hər şeyi yerli-yataqlı təsvir edib: naşir və baş redaktor Cəlil Məmmədquluzadə min bir zəhmətlə aldığı «Qeyrət» mətbəəsində silahdaşı Ömər Faiq Nemanzadə ilə səhərə qədər fəhlə kimi çap maşınını da işlətmişdi. Birinci nömrənin üz qabığında yatmış insanlar təsvir olunmuşdu. Əslində bununla milləti ayıltmaq istəyən Mirzə Cəlil Molla Nəsrəddinin dilindən karikaturanın altından «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!» yazmışdı. Təbii ki, o dövrdə camaatın böyük əksəriyyətinin savadsız olmasına baxmayaraq, jurnal böyük maraqla qarşılanmışdı, elə ilk sayından oxucu rəğbəti qazanmışdı. Bu səbəbdən də jurnalın ikinci sayı 5 min tirajla çap olundu. Mirzə Cəlilin «Molla Nəsrəddin» jurnalı millətimizin dərdlərindən hali olması, taleyinin yiyəsi olmasında əhəmiyyətli iş gördü. Onun yazdıqları uzun müddət millətimiz üçün aktuallığını saxlayacaq. Mirzə Cəlilin qələmi, «Molla Həsrəddin» jurnalı milləti dərdindən üstün olmağa, taleyi ilə barışmamağa, qaranlıq dünyasını ruhu ilə işıqlandırmağa çalışırdı. «Molla Həsrəddin» məktəbi sıradan bir ədəbi məktəb deyildi, çünki gerçək dərdlərdən yoğrulan qələm sahibləri millətin problemlərini sadə, anlaşıqlı bir dildə yazmağı bacarırdılar. Bu səbəbdən də jurnalın bütün sayları əl-əl gəzirdi. «Molla Nəsrəddin»in nəşrindən sonra jurnalın ətrafında satirik realist – mollanəsrəddinçi ədəbi mühit yarandı: C.Cabbarlı, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.Ə.Sabir, Ə.Qəmküsar, M.S.Ordubadi kimi Azərbaycan ədəbiyyatının simaları bir əqidə üçün M.Cəlilin ətrafında birləşdilər.

Sənət o zaman ömürləşir ki, onun insaniliyin mahiyyətinə, tələbinə uyğun təsdiqi baş verir. Bu gün karikatura janrının dünyada zəngin ənənəsi mövcuddur. «Molla Həsrəddin» jurnalının bu sarıdan Şərqdə öncüldür. Jurnalın az vaxt ərzində məşhurlaşmasında «Mollanəsrəddinçi» rəssamların xüsusi rolu olmuşdu. Jurnal 1906-cı ildə nəşrə başlayandan sonra Azərbaycanda karikatura sənəti yaranmağa və inkişaf etməyə başladı. «Molla Həsrəddin» jurnalı məhz Təbrizdə çıxan dövrdə karikatura sənəti İranda intişar tapmağa başladı. Həyatın eybəcərliklərinin komik şəkildə təsviri, insanın daxili eybəcərliklərdən islah edilməsi istəyi karikatura sənətinin başlıca tələblərindəndir. Azərbaycanda karikatura sənətinin özünəməxsus cəhətləri çoxdur. Əzim Əzimzadədən başlanan bu məktəb sonrakı dövrdə özünün xeyli istedadlı ardıcılını yetirib. Cəlil Məmmədquluzadə jurnalın cəlbedici, özünəməxsus çıxması üçün çox axtarışlar aparırdı. Onun felyetonlarının mövzusuna, ümumən jurnalın qayəsinə uyğun karikaturaçı-rəssamlar axtarıb tapması bu baxımdan çox uğurlu alınmışdı. İlk «Molla Həsrəddin»çi rəssamlardan biri olan alman rəssamı Oskar Şmerlinqin jurnalın populyarlaşmasında mühüm xidmətləri var. Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının tanınmış araşdırıcısı, «Molla Həsrəddin» ədəbi məktəbinə həsr olunmuş kitabların, elmi əsərlərin müəllifi, akademik İsa Həbibbəylinin Oskar Şmerlinqin həyat və yaradıcılığı ilə bağlı araşdırmaları diqqətəlayiqdir. O, yazır ki, Cəlil Məmmədquluzadə «Molla Həsrəddin» jurnalının nəşrinə başlayarkən Azərbaycanda peşəkar satirik rəssam olmadığı üçün jurnala rəsm çəkmək işinə ilk növbədə Tiflisdə yaşayıb yaradan alman rəssamı Şmerlinqi dəvət edib: «Şmerlinq Cəlil Məmmədquluzadənin təklifini təmənnasız surətdə qəbul edib. O.Şmerlinq 1906-1917-ci illərdə «Molla Həsrəddin» jurnalının əsas rəssamlıq funksiyasını bacarıqla yerinə yetirib. «Molla Həsrəddin» jurnalının aparıcı ideyalarını əks etdirdiyindən onun rəsm əsərləri əksər hallarda jurnalın üz qabığında özünə layiqli yer tapıb. Milliyyətcə alman olmasına baxmayaraq Oskar Şmerlinq Azərbaycan mühiti və mənşəyini, azərbaycanlıların həyatını və psixologiyasını dərindən öyrənib. Şmerlinqin nadir fırçasının məhsulu olan «Sizi deyib gəlmişəm», «Qafqazda mədrəseyi-ruhaniyyə», «Hiyə məni döyürsünüz?», «Molla Həsrəddin», «İran sərhəddindən», «Xabi-qəflət», «Müsəlman məclisində rus zabiti», «Məhəmmədəli şahın Təbrizdən çıxması» və s. kimi yüzlərlə satirik rəsmləri sözün geniş mənasında karikatura sənətinin şah əsərləri səviyyəsinə yüksəlib. Qeyd edək ki, «Molla Həsrəddin» jurnalının ilk sayının üz qabığındakı məşhur karikaturanın müəllifi Oskar Şmerlinqdir. O, həm də «Molla Həsrəddin»in bədii obrazını yaratmaqla bu obrazın təkcə Azərbaycanda deyil, bütün Şərq aləmində qəbul edilməsinə nail olub. «Molla Həsrəddin»in bədii obrazını ilk dəfə və çox mükəmməl şəkildə Oskar Şmerlinq yaradıb. Şmerlinqin çəkdiyi Molla Həsrəddin portreti uzun illər müxtəlif süjetlərlə birlikdə ayrı-ayrı vəziyyətlərdə «Molla Həsrəddin» jurnalında çap olunub. Onun rəsmlərində Molla Həsrəddinin daxili aləmi ilə yanaşı zahiri əlamətləri də milli kaloritə, Şərq adətlərinə uyğun şəkildə təsvir edilib. Bir sözlə, Azərbaycan xalq satirasının baş qəhrəmanı Molla Həsrəddinin portreti alman rəssamı Oskar Şmerlinqin kəşfidir.»

Uğur
Bu xəbər oxucular tərəfindən 2859 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed