Şrift:
Fransda “Əli və Nino“ müziklı keçirildi
09.04.2012 [11:42] - Diaspor
Parisdə azərbaycanlı yazıçı Qurban Səidin "Əli və Nino" əsəri əsasında hazırlanmış musiqili tamaşa nümayiş etdirilib

Müzikl Sorbon Universitetinin amfiteatrında Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) dəstəyi ilə baş tutub.

Fransız musiqisevərlərə yaxşı tanış olan azərbaycanlı gənc pianoçu Səidə Zülfüqarovanın ideyası və layihəsi əsasında Şarlot Lorionun səhnələşdirdiyi tamaşada fransız və rus aktrisaları Flaviya Tursin və Olqa Qişina-Maqno əsərdən məhz tamaşa üçün seçilmiş parçaları fransız dilində ifa ediblər.

Həmin parçalara uyğun olaraq, Azərbaycan-Fransa Gənclik Assosiasiyasının üzvləri xalqımıza məxsus toy mərasimindən bir hissə göstərib və milli rəqslərimizi ifa ediblər. Gürcülərdən ibarət "Laz" ansamblının ifa etdiyi mahnılar və oynaq rəqslər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Musiqili tamaşada S.Zülfüqarova fortepianoda dahi Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, Vaqif Mustafazadənin, Azər Rzayevin, habelə avropalı bəstəkarlardan Fritz Kreyslerin, Jules Massenetin, S.Raxmaninovun əsərlərini səsləndirmişdir. Onu skripkada Prisil Lyaşa Sarret müşayiət edib.

Tamaşada fransız musiqisevərləri, Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları, diaspor təmsilçiləri və burada təhsil alan tələbələrimiz iştirak ediblər.

Rüfət Əhmədzadə
Bu xəbər oxucular tərəfindən 650 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed