Şrift:
Azərbaycan isə separatçıların qarşısını almaqda 19 ildir mürgüləyir
11.04.2012 [09:59] - Siyasət
İyulda Dağlıq Qarabağda prezident seçkiləri keçiriləcək

2012-ci ilin iyul ayında bu bölücü bölgədə yenidən prezident seçkiləri keçiriləcək. Bunun üçün hətta seçki məcəlləsində dəyişikliklər də olunub. Artıq "təşəbbüs qrupu" ifadəsi seçki bülletenlərində qeyd olunmayacaq. Bülletenlərdə ya partiyalar tərəfindən, ya da öz namizdəliyini irəli sürmüş namizədlər şəklində yazılacaq. İrəvandakı durumla bağlı bu bölücü bölgədə strateji hədəf qismində siyasi qərar veriləcək. İndiki məqamda hər addımına demokratik don geyindirmək üçün ermənilər bütün imkanlardan yararlanmağa çalışırlar. çünki Orta Doğuda baş verən proseslər, Güney Qafqaza və Orta Asiyaya yönəlmiş strateji hədəflərin uzantılarının ən yaxın zamanda gerçəkləşməsi üçün böyük güclərin atacağı addımları da hesablamağa başlamışlar. Azərbaycanın isə başı "analoqu" olmayan inkişafa, "şampun köpüklü" operettalara, dünyanın ən ucuz və səviyyəsiz musiqi yarışması olan "Avrovizion"a qarışıb.

Olmayan cəmiyyətin siyasəti

Bölücü Dağlıq Qarabağ bölgəsində statistika xidmətinin açıqlamasına görə, burada 152 min nəfər əhali yaşayır. Seçici kütləsinin sayı isə 55 min nəfərdir. Bundan əlavə, 30 min nəfər də qaçqınlar yaşayır. Əslində bölgə əhalisinin sayının 50 min nəfər olması haqqında armnews.am internet portalı, İrəvanda nəşr olunan "Novaya Vremya" qəzeti də bu məlumatın doğru olduğunu təsdiq etmişlər. Bunun xaricində bölgədə, sadəcə, muzdlu işçi qruplarının sayı daha çoxdur. Onlar mövsümlə əlaqədar bölgədə kənd təsərrüfatı və mədən sektorunda çalışırlar. çünki İrəvandakı oliqarxların əsas gəlir mənbəyi əsasən Azərbaycanın işğal olunmuş ərazilərinin əkin sahələrində taxıl, digər dənli bitkilər, kartof, soğan əkməklə yanaşı, meyvə bağları hesabına başa gəlir. Bununla da onlar bölücü bölgənin, həm də Ermənistanın ərzaq problemlərini həll edirlər. Digər tərəfdən isə bu münbit torpaqların hesabına xarici bazarlara hər il külli miqdarda məhsul da çıxarırlar. Bu imkanları qorumaq üçün beynəlxalq birliyin qarşısında bölücü bölgənin varlığını yaşatmaq üçün Azərbaycandan fərqli olaraq "demokratik imic" görüntüsünü yaratmaq qayğısına qalmağı da unutmurlar. Bölgədə 300 nəfərin siyasi partiya yaratmaq hüququndan yararlanaraq, süni şəkildə çox sayda partiya Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Bundan əlavə, Kanada, Fransa, Avstraliya, İtaliya, Rusiya və digər dövlətlərin xristian missioner təşkilatlarının yandaş şirkətləri bölgədə biznes maraqları çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində muzdlu işçi qüvvəsinin sayəsində milyonlar qazanırlar.

Bölücü bölgə hakimiyyəti isə bu muzdluları yerli əhali qismində təqdim edir. Faktiki olaraq, burada yaşayan insanlara "Ermənistan vətəndaşı" pasportu da verilmişdir. çünki bölgədən xaricə köçmək istəyən ermənilər ancaq bu pasportla getmək hüququna malikdirlər. Turizmin inkişafı adı altında bölgə büdcəsinin müəyyənləşdirilməsi təbliğatının ardında duran əsas gəlir mənbəyi isə, narkobiznesə bağlıdır. Buradakı laboratoriyalar oliqarxlar arasında bölünmüşdür. Buna görə də Xocalı hava limanından istifadə etməyi hədəfə almışlar. çünki buranı beynəlxaq birlik tərəfindən nəzarətə almaq hələ mümkün deyil. İrəvana invsetorlar dəvət etməklə əsas strateji hədəfi qismində Azərbaycanın işğal olunmuş torpaqlarındakı zəngin yataqların istismarı siyasəti hələ də davam edir. Bütün bunları Azərbaycan tərəfi susqunluqla qarşılamaqda davam edir. çünki bütün fəaliyyət doktrinası, sadəcə, daxili siyasi pressinqə hesablanıb. Bölücü Dağlıq Qarabağ rejimi isə düz 20 ildir onun arxasında duran güclərin sayəsində mövcudluğunu saxlamaqda davam edir. Hətta işğal olunmuş ərazilərimizin hesabına milyardlarla vəsait qazanılır. Qızıl, mis, molibden, mərmər, volfram və digər yataqların istismarı hər ötən ildə daha da inkişaf etdirilir.

Siyasi partiyaların revanşı

Bölücü Dağlıq Qarabağ rejimində "Əmək və Ədalət", "Daşnaksütyun", "88-ci il Hərəkatı", "Kommunist", "Azad Vətən", "Artsax Demokratik Partiyası", "Mənəvi İnkişaf Uğrunda", "Sosial Ədalət", "Bizim Evimiz - Ermənistan", "Armenakan" və "Xristian Demokratlar" adı altında siyasi partiyalar fəaliyyət göstərir. Əslində bu partiyaların hər biri İrəvandakı oliqarxların nəzarətində olan qurumlar şəklində mövcuddurlar. Bölgədəki siyasi duruma görə bu siyasi güclər də hakimiyyətə gətirilir. ötən 20 illik müddətdə bölgədəki proseslər elə bu hədəflərə yönəlik şəkildə davam etdirilib.

Bölücü bölgənin ədliyyə naziri Marsel Petrosyan bildirib: "Ən azından 300 nəfər üzvü olan siyasi partiyalar bu seçkilərdə öz namizədini irəli sürə bilər. Əks təqdirdə, prezident olmaq istəyən hər bir fərd şəxsi təşəbbüsü ilə namizədliyini irəli sürməlidir".

Müşahidələrə əsasən, hazırda prezident kürsüsünə iddialı olanların hamısının seçki platforması eynidir: "Bölgənin müdafiə qüdrətinin gücləndirilməsi, orta və kiçik biznesin və sosial-iqtisadi sahədə liberallşmanın inkişafının qanuniləşdirilməsi, insan haqlarının qorunmasına diqqətin artırılması, səhiyyə, təhsil, mədəniyyət, gənclər, aqrar sektora daha çox kreditlərin ayrılması" məsələlərinə xüsusi diqqətin ayrılması təbliğ olunmaqdadır. çünki bölgənin əsas problemləri bunlardan ibarətdir. Bütün bunlarla yanaşı, seçkilərə Qərb standartlarına uyğun demokratik şəkildə görüntü yaratmaq üçün hətta seçkilərin ikinci turunun olması da diqqət çəkəndir.

Bunu bölücü Abxaziya son parlament, Güney Osetiyada aylardır davam edən prezident seçkiləri də təsdiq edir. Abxaziya parlamentinə 35 nəfərlik deputatın seçilməsi üçün 180 nəfər namizəd qeydə alınmışdı. Hakim "Vahid Abxaziya Partiyası"ndan cəmi 5 nəfər, müxalifətdən 8 nəfər deputat seçildi. Digər seçilmiş deputatlar "müstəqil" namizdələr olsalar da, onlar əslində birbaşa prezidentin kadrlarıdırlar. Güney Osetiyada ötən ilin noyabr ayında prezident seçkiləri iki mərhələdə keçirildi. Seçkinin nəticələri tanınmadığı üçün bu ilin 25 mart tarixində təkrar seçkilər oldu. Bu dəfə də yenidən seçkilərin ikinci turunun keçirilməsi haqqında qanun qəbul edilmişdir. Bu seçki prosesində 30-dan çox namizəd iştirak etmişdir. İlk dəfə olaraq Rusiyanın nəzarətində olan bölücü bölgələrdə "demokratik" görüntüyə bənzər seçki texnologiyası tətbiq olunmuşdur.

Beləliklə, həmin qalmaqallı seçki texnologiyasının sayəsində dünyanın diqqətinin bölgəyə yönəldilməsi taktikası sərgilənmişdir. Digər tərəfdən isə, Rusiya "bu bölücü bölgələr hələ də mənim obyektim olaraq qalır" mesajını vermişdir.

Hazırda bölücü Dağlıq Qarabağ rejimində kimin prezident olması məsələsində ciddi fikir yoxdur. çünki İrəvanda may ayında keçiriləcək parlament seçkilərinin qalibi kimin olacağından çox şey asılıdır. İndiki məqamda siyasi partiyalar arasında yeni blokların yaranması prosesi baş verməkdədir. "88-ci il Hərəkatı" və "Daşnaksütyun" partiyaları 2005-ci ildə olduğu kimi, bu dəfə də seçkiyə birgə getməyi hədəf seçmişlər. Sol yönümlü partiyalar arasında anlaşmalara başlanılsa da, onların maliyyə problemlərinə görə hər hansı bir qərarı verə bilməsi hələlik qeyri-mümkündür. Bu gün hakimiyyətdə təmsil olunan "Demokratik Artsax" və "Azad Vətən" partiyalarının real namizədi isə fəaliyyətdə olan prezident Bako Saakyandır. Digər iqtidar partiyası olaraq daşnaklar hələlik qərara gələ bilməmişlər. çünki ortada onların iki nəfər namizədi var. David İşxanyan və ya Eduard Ağabekyanın iddiaları səbəbindən "88-ci il Hərəkatı" və "Daşnaksütyun" partiyaları arasında məsləhətləşmələr isə davam etməkdədir. Bu faktın özü belə sübut edir ki, daşnaklar heç də bölgədə əsas söz sahiblərindən biri kimi aparıcı gücə malik deyillər. Digər siyasi partiyalar isə hələlik öz namizədlərini müəyyənləşdirməmişlər.

Kommunist Partiyasının lideri Hrant Melkumyan Moskvadan maliyyə dəstəyi olmayacağı təqdirdə seçkilərə qatılmayacaqlarını bildirmişdir. Ancaq müstəqil namizədlərin sayının daha çox ola biləcəyi gözlənilir. İrəvandakı parlament seçkilərinin qalibi olacaq gücün əmsalına uyğun olaraq, Dağlıq Qarabağ da öz prezidentini müəyyən edəcək.

Azərbaycan və Dağlıq Qarabağ seçkiləri

Azərbaycanda hər dəfə seçki ilində ölkə ərazilərinin işğalına qarşı imitasiya xarakterli total təbliğatlar aparılır. Bu yöndə hətta xaricdən dəvət edilmiş "nüfuzlu ekspertlər"in hakimiyyətə dəstək xarakterli açıqlamalarının arxasında isə neft qorxusu dayanmışdır. çünki ölkənin milli gəlirləri guya "lobbiçilik" məqsədlərinə də sərf edilir. Seçki prosesi başa çatan kimi hər şey fransızların "sabun operettaları" qismində dərhal asanlıqla unudulub gedir. Ona görə ki, dünyada neftlə zəngin olan dövlətlərdə "NEFT və DEMOKRATİYA" anlamı təkcə Norveç dövlətində bütünləşmişdir. Digər ölkələrdə isə hər şey Səudiyyə krallığının modeli üzərində qurulmuşdur. Orta Doğu ölkələrindən fərqli olaraq Azərbaycanda milyonlarla insanlar heç də bunun fərqində deyillər. Təkcə işğal olunmuş torpaqların, bölücü Dağlıq Qarabağ probleminin çözülməsinin umurundadırlar. Bu problemin çözülməsi istiqamətində isə 19 ildir heç bir ciddi addım atılmamışdır.

ötən müüdət ərzində bölücü Dağlıq Qarabağda beş dəfə parlament, bələdiyyə və prezident seçkiləri keçirilmişdir. Bu seçki prosesi ilə bağlı Azərbaycan tərəfi, sadəcə, quru bəyanat verməklə yetinmişdir. Beynəlxalq birliyin həmin seçkiləri tanımamaq haqqında verdikləri qərarlar isə daha çox Güney Qafqaz siyasətinə bağlıdır. çünki ortada BMT-də Azərbaycanın ərazi bütovlüyünə həmin güclər səs vermişlər. Digər yandan isə, heç bir perspektivi olmayan Dağlıq Qarabağdan fərqli olaraq Azərbaycan, Xəzər dənizi və Orta Asiyanın enerji resurslarının parıltısından yan keçə bilmirlər. Belə olmasaydı, həmin beynəlxalq güclər ümumxristian maraqlarına dayanıqlı şəkildə Şri Lankanın və Yəmənin, digər ölkələrin bölüməsini "tarixi ədalət" qismində müdafiəsinə qalxardılar. Azərbaycan bütün bunları görərək, hər hansı bir ciddi addımları atmaq haqqında düşünmür.

Bunu daha çox gələcəyin ümidinə buraxır. Ordunun, polisin, digər güc stukturlarının daha da güclənməsi yönündə inkişafı gözə soxmaqla öyünür. Səudiyyə Ərəbistanında da zatən bütün güc stukturları ən yüksək səviyyədə inkişaf etmişdir. Ancaq bütün bunlar hakim səud ailəsinin, oliqarxların hakimiyyətinin qorunmasına xidmət edir.

Kanadaya məxsus "Wallex Group" şirkəti Ağdərə şəhərinin ətrafındakı mis-molibden yataqlarının istismarı üçün 80 milyon dollar həcmində yatırımlar qoymuşdur. Yaxın on ildə 17 milyon ton istehsalı planlaşdırmışdır. Digər ingilis şirkəti "Beytz Metals" Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün mədənlərin istismarını neçə illərdir davam etdirir. Azərbaycan isə sanki bütün bunları görmür. Əldə olunan gəlirlərin sayəsində həmin şirkətlər Dağlıq Qarabağın büdcəsini doldururlar, ordusunu maliyyələşdirirlər. İyulda bu bölücü bölgədə keçiriləcək prezident seçkilərinin bütün maliyyə xərclərini də həmin şirkətlər ödəyəcəklər. Bu tipli şirkətlər Ermənistanda hakimiyyətdə olan hərbi xunta rejiminin əsas maliyyə mənbələri hesab olunurlar. Ermənistan dünyanın diqqətini cəlb etmək üçün demokratik görüntü texnologiyasına üz tutmuşdur. May ayında keçiriləcək parlament seçkiləri ilə bağlı indiki məqamda seçki prosesinin şəffaf olacağı ümidini yaradıb. Təbii olaraq bunun ardınca bölücü Dağlıq Qarabağ məsələsində də həmin texnologiyadan istifadə edəcək.

Təki, Azərbaycanın dili beynəlxalq birlik qarşısında qısa olsun. Beynəlxalq birlik, eləcə də dünya gücləri hər zaman bölgələrdəki durumun necə inkişaf etməsi prosesindən öz mənfəətləri dairəsində yararlanmışlar. Bununla da strateji hədəflərini müəyyənləşdirmişlər. İitirən tərəf isə Azərbaycan özü olmuşdur. Bu itkiləri hər dəfə illəri arxada qoymaqla işğal olunmuş ərazilərimizin problemlərinin də davam etməsinə səbəb olmuşdur. çünki işğal olunmuş əraziləri geri qaytarmağa təkcə ordunun gücü yetməz. Bütövlükdə cəmiyyət bu prosesdə iştirak etməlidir. Ermənilər isə seçki ilini ötənlərdə olduğu kimi, "uğurla" başa vurmağa hazırlaşırlar.


Ənvər BöRüSOY
Bu xəbər oxucular tərəfindən 1264 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed