Şrift:
Azərbaycan və Türkiyə diaspor təşkilatları 24 aprelə hazırlaşır
12.04.2012 [11:00] - Diaspor
Diaspor Komitəsinin rəsmisi Bəhruz Nəzərov: “Erməni yalanlarına qarşı cavab aksiyaları hazırlayırıq”

Ermənilər hər il 24 apreli qondarma erməni soyqırımının anım günü kimi qeyd edir və Osmanlı Türkiyəsi tərəfindən “soyqırım”a məruz qaldıqlarını iddia edirlər. Son illər Azərbaycan və Türkiyənin rəsmi qurumları ilə yanaşı, diaspor təşkilatları da erməni yalanlarının ifşası istiqamətində yaxından əməkdaşlıq edirlər. Elə Fransa Senatının “soyqırım”la bağlı məlum absurd qərarının ləğvi də məhz bu əməkdaşlığın nəticəsində baş verdi. Həmçinin, bu ilin fevralında İstanbulda keçirilən möhtəşəm Xocalı yürüşü Azərbaycan və Türkiyənin dostluq və qardaşlığının əyani nümayişi, tarixi həqiqətlərin dünyaya çatdırılmasının nümunəsi oldu.

Yeri gəlmişkən, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu nəinki ermənilərin soyqırıma məruz qalmadığını, hətta on minlərlə Azərbaycanı - həm Şimali, həm də Cənubi Azərbaycanda - soyqırıma məruz qoyduğu barədə dünya ölkələrinin arxivlərindəki tarixi faktlara əsaslanaraq 4 cildlik hazırlayıb və Respublika Prokurorluğuna göndərib. Azərbaycan və Türkiyənin rəsmi qurumları bu faktları ortaya qoymaqla dünyadakı erməni yalanlarını ifşa edə, əsl həqiqətləri çatdıra bilər.
Bəs, ermənilərin 24 aprel şoularını önləmək, beynəlxalq aləmə həqiqətləri çatdırmaq üçün Azərbaycan və Türkiyə diaspor təşkilatları bu il hansı addımlar atmaq niyyətindədir?
Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov dedi ki, Azərbaycan və türk diaspor təşkilatları hər il olduğu kimi bu il də 24 aprel ərəfəsində erməni təbliğatına cavab aksiyaları keçirməyi planlaşdırır: “Bu aksiyalar əsasən piketlər formasında keçiriləcək. Adətən, erməni tərəfi Türkiyənin xaricdəki səfirlikləri qarşısında piket keçirir. Buna cavab olaraq Azərbaycan və Türkiyə diaspor təşkilatları da cavab aksiyaları düzənləyir. Bu aksiyalar daha kütləvi forma alır və ermənilərin aksiyaları kölgədə qalır. Bundan əlavə, hələ illər öncə Azərbaycan və Türkiyə diasporlarının birgə əməkdaşlığına dair müxtəlif qərarlar verilib”.
B.Nəzərov əlavə etdi ki, qondarma erməni soyqırımı məsələsi də hər iki ölkənin maraqları baxımından Azərbaycan və türk diasporlarının birgə fəaliyyət göstərdiyi sahədir: “Bu baxımdan qarşıdakı günlərdə də, hər il olduğu kimi müxtəlif aksiyaların keçirilməsi, erməni yalanlarını ifşa ilə bağlı məktubların göndərilməsi, Avropa, ABŞ və Kanadada ictimaiyyətin, o cümlədən mərkəzi və yerli hakimiyyət orqanlarının məlumatlandırılması kampaniyası aparılacaq. Erməni təbliğata qarşı bu tip aksiyalar tək 24 apreldə deyil, ilboyu keçirilir. Almaniya və İsveçdə Azərbaycan və türk diaspor rəhbərləri görüşüb ”soyqırımı" ifşa ilə bağlı birgə fəaliyyət göstərmək haqqında razılığa gəlib. İsveç Krallığının parlamenti qondarma erməni soyqırımını tanıyıb. Buna etiraz olaraq keçiriləcək aksiyada Azərbaycan diasporu da yaxından iştirak edəcək".
B.Nəzərov əlavə etdi ki, hazırda İstanbulda Avrasiya İqtisadi Zirvəsinin 15-ci toplantısında iştirak edən komitə sədri Nazim İbrahimov da iki qardaş ölkənin diaspor təşkilatlarının daha yaxından əməkdaşlığı ilə bağlı müzakirələr aparmaqdadır: “Hər dəfə bu toplantılarda Azərbaycan və türk diasporlarının əməkdaşlığı məsələsi müzakirə olunur. Mərmərə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən toplantılarda ilk dəfə iki ölkənin diasporunun birgə fəaliyyəti məsələsi qaldırılıb.
Hazırda gündəlikdə dayanan məsələ erməni yalanlarının ifşası işində digər türkdilli xalqların diasporlarının əməkdaşlığa cəlb olunmasına nail olmaqdır".
Bu xəbər oxucular tərəfindən 769 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed