Şrift:
Moskvada “Azərbaycan cazı” gecəsi keçirilib
13.04.2012 [12:03] - Diaspor
“Moskva Beynəlxalq Musiqi Evi”ndə Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə “Azərbaycan cazı” gecəsi keçirilib. Məlumata görə, gecədə Rusiya və Azərbaycanın tanınmış incəsənət xadimləri iştirak ediblər.

Konset proqramını giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfirinin humanitar məsələlər üzrə müavini Nigar Axundova bildirib ki, konserti təşkil etməkdə məqsəd rusiyalı dostlara Azərbaycanda cazın necə inkifaf etdiyini göstərməkdir. O, Bakının artıq caz musiqisinin mərkəzlərindən birinə çevrildiyini söyləyib: “Burada olan bakılılar yaxşı bilir ki, Bakıda cazı sevir və dinləyirlər. Bakıda cazı elə sevə-sevə ifa edirlər ki, artq Bakı cazın ifa edildiyi ən məşhur yerlərdən birinə çevrilib. Burada ən mötəbər festivallar keçirilir və dünya ulduzları gəlir, cazın tədqiqi və inkişafı üçün bütün şərait yaradılıb. Azərbaycan cazı özünün inkişafına XX əsrin 30-40-cı illərində başlayıb. Artıq 40-cı illərdə bir çox azərbaycanlı musiqiçilər bir çox məşhur kollektivlərdə, məsələn, Aleksandr Sfasmanın kollektivində ifa edirdilər. Bizim məşhur bəstəkarımız Tofiq Quliyev bu kollektivdə ifa edib. Düşünürəm ki, mən bir çox məşhurlarımızın adlarını çəkməsəm ədalətsizlik olar. Sözsüz ki, bu adlar Tofiq Quliyev, Rauf Hacıyev, Tofiq Əhmədov, Qara Qarayev, Maestro Niyazi və başqalarıdır ki, onlar cazın kənar, yad musiqi olmaması, onun Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi, doğma musiqisi olması üçün öz töhvələrini veriblər. 60-70 ci illərə gələrkən demək lazımdır ki, bu illər Azərbaycanda cazın əsl inkişaf illəri olub. Məhz bu illərdə səhnədə Vaqif Sadıqov, Rafiq Babayev, indi də unikal ansambl hesab olunan “Qaya” ansamblı və Vaqif Mustafazadə kimi ifaçılar parlayıb. Vaqif Mustafazadə muğam və cazı birləşdirərək yeni janrın yaranmasına səbəb olub”.

Konsertdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Rusiyanın tanınmış incəsənət xadimi Yuli Qusman, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, Rusiya və Azərbaycanın media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed