Şrift:
Şəhidə həsr olunmuş “Bayramsız Laçın, Laçınsız Bayram” kitabı təqdim edilib
21.02.2017 [10:32] - Kitab evi
Fevralın 20-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şəhid Bayram Məmmədova həsr olunmuş “Bayramsız Laçın, Laçınsız Bayram” kitabının təqdimatı keçirilib. Yazıçı-publisist Rauf İlyasoğlunun tərtib etdiyi kitabın məsləhətçisi şəhidin atası Məhəmməd Mürsəloğlu, redaktorları Sadıq, Qulam və Namizəli Məmmədov qardaşlarıdır.

Şəhid Bayram Məmmədovun ailə üzvlərinin də iştirak etdiyi tədbirdə Rauf İlyasoğlu kitabın üzərində bir ildən artıq işlədiklərini söyləyib. Bildirilib ki, kitab 2008-ci ildə çap olunmuş “Heyf səndən, ay Laçın” kitabının davamı olaraq yenidən işlənmiş və əlavə məlumatlar da daxil edilməklə oxuculara təqdim edilir. Kitab Vətənimizin müdafiəsi, azadlığı, ərazi bütövlüyü uğrunda vuruşaraq şəhid olmuş Bayram Məmmədovun qısa, lakin şərəfli döyüş yolundan bəhs edir. Kitaba şəhidin atası Məhəmməd Mürsəloğlunun xatirələri, eləcə də igid qəhrəman haqqında “Həkəri” qəzetində dərc olunmuş məqalə və şeirlər, döyüş dostlarının və doğmalarının xatirələri daxil edilib.

Qeyd olunub ki, şəhidin adını daşıyan Laçın rayonu Minkənd kənd orta məktəbində də kitabın təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Minkənd kənd orta məktəbinin direktoru İlqar Şahverdiyev, “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin rəhbəri Almaz Zeynalova, professor Ziyadxan Nəbibəyli, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Sücəddin Abdullayev, polkovnik Həmid Cəfərov və digər çıxış edənlər şəhidliyin necə uca bir zirvə olduğunu əks etdirən belə mükəmməl kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq ediblər.

Şəhidin atası Məhəmməd Mürsəloğlu tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.

Tədbirdə kitabın Minkənd kənd orta məktəbindəki təqdimatından videoçarx nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed