Şrift:
ATƏT PA-nın qış sessiyasının gündəliyi AÇIQLANDI: Azərbaycan nümayəndə heyəti nə planlaşdırıb?
21.02.2017 [10:36] - Gündəm, Siyasət
ATƏT Parlament Assambleyasının qış sessiyası 23-24 fevral tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək.
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini, deputat Tahir Mirkişili Sabah Azərbaycan nümayəndə heyəti qış sessiyasında iştirak etmək üçün Vyanaya yola düşəcək.
“Sessiyada ilk olaraq daimi Komitənin iclasında ATƏT PA-nın əsasnaməsinə əlavə və dəyişikliklərin olması müzakirə olunacaq. Daha sonra Demokratiya, İnsan hüquqları və humanitar məsələlər komitəsində “Artan populizm ərəfəsində insan hüquqlarının qorunması” mövzusunda, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsində “Su təhlükəsizliyini təmin edən təbii ehtiyatların idarə olunması və iqlim dəyişiklikləri ilə mübarizə” mövzusunda, Siyasi məsələlər və Təhlükəsizlik komitəsində isə “ATƏT regionunda transmilli təhlükəsizlik: terrorçuluqla mübarizə” mövzusunda debatların keçirilməsi planlaşdırılır.
Sonda plenar iclasda “Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debatın keçirilməsi nəzərdə tutulub”.
Deputatın sözlərinə görə, qış sessiyasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin bütün debatlarda aktiv iştirak edəcəyi gözlənilir.

“Azərbaycanın üzləşdiyi problemləri, bu problemlərin artıq bütün ATƏT regionuna yayılmasını hər kəsin diqqətinə bir daha çatdıraraq ATƏT üzvü olan ölkələri problemlərin həllində proaktiv olmağa, beynəlxalq hüquq normalarını əsas tutmağa və həmçinin, beynəlxalq təhlükəsizlik sisteminin təkmilləşməsində Azərbaycan Prezidentinin təşəbbüslərini dəstəkləməyə çağırmağı planlaşdırırıq”.

Namidə BİNGÖL
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed