Şrift:
Urmiyə və Marağa məktəblərində Beynəlxalq Ana Dili Günü münasibəti ilə türkcə kitablar yayılıb
21.02.2017 [10:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan şəhərlərində Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər keçirilir.

Məlumata görə, Urmiyədə bu şəhərin yerli fəalları bir neçə uşaq bağçası və məktəblərə gedərək uşaqlar arasında türkcə kitablar yayıb və ana dilinin əhəmiyyəti ilə bağlı söhbət ediblər. Kitabların əsas məzmunu türkcə şeir və hikayələrdən ibarətdir.

Oxşar tədbir Marağa şəhərində də həyata keçirilib. Azərbaycanlı milli-mədəni fəallar məktəblilər arasında kitablar paylayaraq onlardan ana dilinə daha çox əhəmiyyət vermələrini istəyiblər.

Urmiyə və Təbriz universitetlərində türk öyrənciləri tərəfindən yayılan dərgilərin növbəti sayılarının ana dili mövzusuna həsr olunacağı da açıqlanıb.

Qeyd edək ki, 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər qətlə yetirilib. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin öldürülən şəxslərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

N.S
Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed