Şrift:
“Maliyyə böhranı daha da dərinləşəcək”
12.10.2011 [19:46] - Xəbərlər
Corc Soros Avrozona dövlətlərinin rəhbərlərinə müraciət edib: “Maliyyə böhranı daha da dərinləşəcək”

Müraciətə amerikalı milyarderdən başqa 95 nüfuzlu siyasi xadim, iqtisadçı və iş adamı da imza atıb

Amerikalı sərmayədar Corc Soros və 95 görkəmli siyasi xadim, iqtisadçı alim və biznesmen Avrozonaya daxil olan 17 ölkənin rəhbərliyinə müraciət ediblər. Məktub müəllifləri müraciətlərində məmurları ümumdünya maliyyə böhranına yol verməməyə çağırıb və bir neçə tövsiyə veriblər. Maliyyəçilər hesab edir ki, Avrozonada maliyyə böhranına qarşı görülən tədbirlər kifayət sayıla bilməz və çox gecikib. Onlar Avrozonaya daxil olan dövlətləri vahid Maliyyə Nazirliyi yaratmağa çağırıblar. Bundan başqa Avropa rəhbərlərinə bank sahəsinə nəzarəti gücləndirmək və vahid maliyyə strategiyası hazırlamaq tövsiyə olunub. Qeyd edək ki, Corc Soros artıq bir neçə dəfə Avropa dövlətlərinə borc böhranına qarşı mübarizəyə dair məsləhətlər verib.
Qeyd edək ki, Avrozonada maliyyə böhranından ən çox Yunanıstan, İrlandiya və Portuqaliya əziyyət çəkir. Onlar artıq uzunmüddətli kredit almaq üçün Avropa Birliyi və Beynəlxalq Valyuta Fonduna müraciət ediblər. Bu ölkələrin kredit reytinqlərinin aşağı salınması onlara münasib faizlə kreditə götürməyə imkan vermir. İtaliya, İspaniya, Fransa və Almaniya da maliyyə çətinlikləri ilə üzləşiblər.
Qeyd olunan müraciətə Corc Sorosla yanaşı Finlandiyanın sabiq prezidenti Maxti Axtisaari, Macarıstanın sabiq baş naziri Qordon Baynai,Almaniyanın sabiq maliyyə naziri Hans Eyxel, Avstriyanın sabiq federal kansleri Alfred Quzenbauer, Polşanın sabiq baş naziri Tadeuş Mazovetski, Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa da imza atıblar.
Bu xəbər oxucular tərəfindən 1139 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed