Şrift:
Xocalı faciəsinin qurbanları Marneulidə anılıb
27.02.2017 [10:30] - Borçalı
Fevralın 26-da Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda Xocalı soyqırımının 25-ci və Gürcüstanın keçmiş sovet ordusu tərəfindən işğalının 96-cı ildönümü ilə əlaqədar mərasim keçirilib.

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ziyalıları, gənclər iştirak ediblər.

GAK sədri Hüseyn Yusifov tədbiri açaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror, soyqırımı və digər cinayətləri barədə ətraflı məlumat verib, Gürcüstanda yaşayan azərbaycanlıların Xocalı soyqırımı qurbanlarının xatirəsini daim əziz tutduqlarını, ehtiramla yad etdiklərini bildirib.

Gürcüstan Aşıqlar Birliyinin sədri Xəlil Hüseyinov çıxışında Azərbaycan və gürcü xalqlarının dostluğundan, eyni tarixi çətinlikləri yaşamalarından, gürcülərin də bu ölkədə yaşayan azərbaycanlılar kimi Azərbaycan dövlətinə olan sevgisindən danışıb.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva, ziyalı Çingizxan Yaqubov və başqaları çıxış edərək sovet imperiya ordusunun Azərbaycanda və Gürcüstanda törətdiyi qırğınlardan danışıb, gənc nəslin ölkələrimizin şanlı tarixini öyrənmələrinin, dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsini daim uca tutmalarının vacibliyini vurğulayıblar.

Çıxışlarda gürcüstanlı gənclərin Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırması, bu soyqırımının tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyasına fəal qoşulmalarının vacibliyi xüsusi qeyd olunub.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed