Şrift:
Azərbaycanda hansı ölkə nə qədər məscid tikdirib?
11.03.2017 [11:30] - Gündəm, İslam dini
2016-cı ilin statistikasına əsasən, işğal olunmuş rayonlar istisna olmaqla Azərbaycanda 2 min 166 məscid var. Onlardan 209-u Naxçıvan Muxtar Respublikasında, 135-i Bakıda Bakıda yerləşir. Qalanları isə digər bölgələrin payına düşür.

Azərbaycan dünyəvi dövlət olsa da, fəaliyyəti qanunvericiliyin tələblərinə cavab verən bütün dini konfessiya və icmalara bərabər imkanlar yaradır.

Ölkə əhalisinin əksəriyyəti müsəlman olduğundan isə təbii ki, daha çox islam dini inancı ilə bağlı olan ibadət yerləri üstünlük təşkil edir.

Bu baxımdan Azərbaycan dövləti ölkə rəhbərliyi səviyyəsində məscidlərin tkinitisinə, inanclı insanların burada ibadətinə üstünlük verir.
Lakin maraqlıdır ki, Azərbaycanda olan məscidlərin müəyyən qismi xarici dövlətlər tərəfindən də tikilib.

Hansı ölkə Azərbaycanda nə qədər məscid tikib?

Modern.az saytı mövzu ilə bağlı kiçik araşdırma aparıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici dövlətlər və onların nəzarətində olan təşkilatlar tərəfindən ölkəmizdə 119 məscid tikilib. Bu məscidləri ötən əsrin 90-cı illərində Türkiyə, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, İran inşa edib.

Türkiyə tərəfindən Azərbaycanda tikilən məscidlərin sayı 23-dür. Bunlardan 7-si Türkiyənin Diyanət İşləri Başqanlığı tərəfindən Bakı, Qusar, Yevlax, Ağdamda tikilib. Gəncliyə Yardım Fondu isə Oğuz, İsmayıllı, Zaqatala, Qəbələ, Göyçay, Ağsu, Şamaxı, Şəki, Kürdəmir rayonlarında 12 məscid inşa etdirib.
Türkiyəli iş adamları Sumqayıt, Xaçmaz və digər rayonlarda tikdirib.

Azərbaycanda xarici ölkələr tərəfindən tikilən və bərpa olunan məscidlərin 3-də 2-si Küveytin payına düşür. Küveyt ümumilikdə Azərbaycanda 73 məscid tikdirib.
Bunlardan 56-sı “İslam İrsinin Dirçəlişi” Cəmiyyəti, 15-i Asiya Müsəlmanları Komitəsi, 1-i İslam İnkişaf Bankı, 1-i isə Küveyt vətəndaşı tərəfindən tikilib.

Maraqlıdır ki, “İslam İrsinin Dirçəlişi” Cəmiyyətinin tikdirdiyi məscidlərdən 14-ü hazırda fəaliyyət göstərmir. Onlar təriqətçilik meylləri nəzərə alınandan sonra fəaliyyətini dayandırıblar.

Səudiyyə Ərəbistanı isə Azərbaycanda 3 məscid tikdirib. Beynəlxalq İslam Gənclər Assambleyası Şirvanda 1 və Gədəbəy rayonunun mərkəzində 1 məscid inşa etdirib. Səudiyyə Ərəbistanı hökuməti Astara rayonunun Vəznəş kəndində 1 məscid tikdirib.

Qətər isə Azərbaycanda cəmi 1 məscidin əsasını qoyub. “Qətər” Xeyriyyə Cəmiyyəti tərəfindən Qaxda inşa edilmiş məscid hazırda da fəaliyyət göstərir.

Maraqlıdır ki, daim Azərbaycanda dini hərəkatın güclənməsini istəyən cənub qonşumuz İran cəmi 1 məscidlə kifayətlənib: Bakıdakı Hüseyniyyə məscidi. Bura əsasən İran vətəndaşlarının ibadət etmələri üçün nəzərdə tutulub. Lakin bu məscidə gələnlərin böyük əksəriyyətini azərbaycanlılar təşkil edir.
Məscid İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin birbaşa nəzarəti altında fəaliyyət göstərir.

Aqşin KƏRİMOV
Bu xəbər oxucular tərəfindən 1037 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed