Şrift:
Hyuston Universitetində Qarabağ həqiqətləri
18.04.2012 [11:04] - Diaspor
Azərbaycanlı Tələbələr Assosiasiyası (ATA) Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektlərinə həsr olunmuş ictimai forum təşkil edilib.

Bu barədə ARDNŞ-in mətbuat xidmətindən xəbər verilib. Hyuston Universitetinin Universitet Mərkəzində keçirilən tədbirin əsas məqsədi tələbə heyətini Azərbaycanın tarixi barədə məlumatlandırmaq, eləcə də Dağlıq Qarabağ münaqişəsinin siyasi, sosial və etnik kökləri barədə ictimai müzakirələr üçün forum təşkil etməkdir.
ATA-nın prezidenti Mehriban Əfəndi bildirib ki, forum üç əsas mövzuya- “Qafqazın etnik tarixi”, “Azərbaycanın müasir tarixi”, “Sovet İttifaqının dağılması və Dağlıq Qarabağ münaqişəsinin kökləri” mövzularına həsr olub.
Hyuston Universitetinin siyasi elmlər üzrə professoru Rayan Kennedi dondurulmuş münaqişələrin Sovet İttifaqının dağılmasının qalıqları olduğunu qeyd edərək, dövlətlərarası münaqişələrin siyasi, iqtisadi və sosial təsirləri barədə məlumat verib.
Sonra çıxış edən Yusif Ələsgərov Qafqazın etnik tarixi barədə təqdimat edərək, Cənubi Qafqazın müxtəlif dövrlərdə idarəçiliyi barədə danışmış, ermənilərlə azərbaycanlılar arasında etnik identiklik üstündə gedən mübahisələr haqda məlumat verib.
ATA-nın təsisçisi və Hyuston Universitetinin məzunu Kamran Zahid ötən əsrin ilk iki onilliyində Azərbaycanın bir ölkə olaraq üzləşdiyi problemlərdən bəhs edərək, müasir Azərbaycan Respublikası ilə 1918-1920-ci illərdə mövcud Azərbaycan Demokratik Respublikası arasında paralellər aparıb.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi və direktoru Yusif Babanlı təqdimatında Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərinə toxunaraq, tərəflərin arqumentləri, hazırda davam edən danışıqlarda beynəlxalq ictimaiyyətin rolu və mövqeyi barədə danışmışdır. Sonda Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının vitse-prezidenti Riad Əfəndi gələcəyə baxış və münaqişənin mümkün nəticələri barədə məlumat verib.
2006-cı ildə Kamran Zahid tərəfindən təsis edilmiş Azərbaycanlı Tələbələr Assosiasiyası Hyuston Universitetinin tələbələrini Azərbaycanın mədəniyyəti və tarixi barədə məlumatlandırmaq məqsədi daşıyır. Təşkilatın hazırkı prezidenti Mehriban Əfəndi Bauer Biznes Kollecində biznesin idarə edilməsi üzrə magistr təhsili alır. Forumun keçirilməsinə maliyyə dəstəyini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və ABŞ Azərbaycanlıları Şəbəkəsi verib.
Bu xəbər oxucular tərəfindən 1398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed