Şrift:
M. Ə. Rəsulzadənin əsərlərinin üçüncü cildi çapdan çıxdı
18.04.2012 [12:09] - Mədəniyyət
“Artıq 20 ildir ki, sifarişsiz və təmənnasız bu böyük millət fədaisinin əsərlərini araşdırmaq, toplamaq və nəşr etdirməklə məşğulam»

M.Ə. Rəsulzadənin 1915-1916-cı illərdə qələmə aldığı 200-ə yaxın əsərin daxil olduğu kitab Tanınmış mətbuat araşdırıcısı Şirməmməd Hüseynov yenicə çapdan çıxmış «Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər» kitabının Ön sözündə belə yazır.
Şirməmməd müəllim 1992-ci ildə əsrlərin birinci cildini (1903-1909), 2001-ci ildə ikinci cildini (1909-1014) çox böyük çətinliklə də olsa nəşr etdirməyi bacarıb.
11 il sonra çıxan üçüncü cilddə isə 1915-1916-cı illərdə «İqbal», «Yeni İqbal», «Açıq söz» qəzetləri və «Qurtuluş» məcmuəsində dərc edilmiş əsərlər toplanıb.
Şirməmməd Hüseynov bu dövrü çox zəngin, mürəkkəb, təhlükəli və qeyri-adi bir dövr kimi dəyərləndirir və «Niyə»- sualını belə cavablandırır:
«Millətlərin, xalqların, dövlətlərin taleyi həll olunurdu. Dünyanın siyasi durumu, xəritəsi dəyişirdi. Dövlət müstəqilliyini, ərazi bütövlüyünü itirmiş, hətta fiziki mövcudiyyəti təhlükə altında olan Azərbaycanı xilas etmək kimi tarixi bir vəzifə yaranmaqda idi. Bu müqəddəs vəzifəni öhdəsinə götürmüş mücahidlərin öndəri M.Ə. Rəsulzadə idi».
Müəllifin fikrincə, Əmin Bəyin dövlət müstəqilliyini qazanmaq fikri, məfkurəsi məhz bu illərdə yaranmışdı: «İki il sonra mayın 28-də bu arzu çin oldu. Azərbaycanın müstəqilliyi elan edildi».
Şirməmməd müəllim ümid edir ki, xalqın böyük mütəfəkkir oğlu, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan Cümhuriyyətinin banisi M.Ə. Rəsulzadənin əsərlərinin üçüncü cildini də oxucular rəğbətlə qarşılayacaqlar.
Yeni çıxan kitabda M.Ə. Rəsulzadənin 1915-1916-cı illərdə qələmə aldığı 200-ə yaxın əsəri daxil edilib.
Şirməmməd Hüseynov kitabın araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, Ön sözün müəllifi və lüğətin tərtibçisidir.
Bu kitab Şirməmməd müəllimə verilən təqaüddən qənaət etdiyi vəsaitlə «Elm» nəşriyyatında nəşr olunub.
Kitab tarix elmləri doktoru, professor, Rusiya EA-nın Tarix İnstitutunun baş elmi işçisi Salavat Midhətoviç İshakovun «Məhəmməd Əmin Rəsulzadə» məqaləsi ilə açılır.
Kitabın Azərbaycan tarixi və bütövlükdə Birinci Dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün də faydalı olacağı bildirilir.
Bu xəbər oxucular tərəfindən 1411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed