Şrift:
Güney Azərbaycanda İlaxır çərşənbə və Novruz bayramı şənlikləri
20.03.2017 [11:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Uzun əsrlərdən üzübəri özü ilə bərabər yeni həyat gətirən, təbiəti canlandıran, könülləri təzələyən, bərəkətin və xeyirxahlığın təcəssümü olan qədim Novruz bayramı və İlaxır çərşənbəyə bir neçə gün qalmış Güney Azərbaycan şəhərlərində bayram şənlikləri başlayıb.

Məlumata görə, Meşginşəhr Vələzir Abdərmani Kompleksində “Bayram Yumurtası” Festivalı keçirilib. Çox sayda ailənin qatıldığı festivalda boyanmış yumurtalar nümayiş etdirilib və yumurta toqquşdurma yarışması keçirilib.

Bu barədə məlumat verən Meşginşəhr Mədəni İrs, Əl işləri və Turizm İdarəsinin rəisi festivalın nəzərdə tutulan məkan və internetdə keçirildiyini bildirib. ““Festivalın keçirilməsində məqsəd qədim adət və ənənələri qoruyub saxlamaq və bölgənin turizm imkanları və cazibələrini tanıtdırmaqdır. Festivalda 2 nəfər “yumurta boyama”, iki nəfər isə “yumurta toqquşdurma” yarışmasının qalibi kimi seçilib”- deyə Məhərrəm Cəfəri bildirib.

Festivalda Novruz bayramı ilə əlaqədar şeir oxunub, aşıq musiqisi səsləndirilib və yerli yeməklər təqdim olunub.

Qoşaçay, Sayınqala və Tikantəpədə isə İlaxır çərşənbəsi günü “Su üstü” mərasimi icra olunub. “Nav üstü”, “Nav başına getmək” adı ilə də tanınan mərasimdə insanlar çay ətrafına toplaşaraq suyun üstündən atılır vəya başqa vasitə ilə onun üstündən keçirlər.

Sözügedən mərasim səhər saatlarında Güney Azərbaycanın Qoşaçay, Sayınqala və Tikantəpə şəhərlərində icra olunub. Qoşaçayda çox sayda insan Cığatı (Zərinerud) və Tatau (Siminerud) çaylarının ətrafına toplaşaraq “Su üstü” mərasimini icra ediblər.
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed