Şrift:
Berlində Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı keçiriləcək
19.04.2012 [14:54] - Diaspor
Aprelin 29-da Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) IV Qurultayı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, qurultayda Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların rəhbərlərinin, Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, xarici ölkə deputatlarının, AAK-a üzv olmayan Azərbaycan cəmiyyət və birliklərinin, həmçinin digər xalqların diaspor təşkilatlarının təmsilçilərinin iştirakı gözlənilir. Qurultayda AAK prezidenti Başar Kömürün ötən qurultaydan keçən müddət ərzində görülmüş işlərə dair hesabat məruzəsi dinləniləcək. Daha sonra digər qurultay nümayəndələri və qonaqlar çıxış edərək AAK-ın ötən dövrdəki fəaliyyətinə, təşkilatın qarşısında dayanan vəzifələrin icrasına qiymət verəcəklər. Qurultay çərçivəsində Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı sahəsində qarşıda duran vəzifələr, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələrin aparılması, AAK-a yeni üzv-təşkilatların qəbulu da planlaşdırılır.
Toplantıda “Gücümüz birliyimizdədir” sənədli filmi nümayiş etdiriləcək, toplantı çərçivəsində Dünya Azərbaycanlılarının III Qurultayının yekunlarına həsr olunmuş kitabın təqdimatı keçiriləcək. Qurultayda Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanları seçiləcək, həmçinin bir sıra sənədlər, o cümlədən Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayının Qətnaməsi qəbul ediləcək. AAK-ın IV Qurultayında “Avropa Azərbaycanlıları Konqresi Fəxri Prezidentlərinin Məşvərət Şurası”nın yaradılması gözlənilir.
Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresi 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. Avropa Azərbaycanlıları Konqresində Avropanın 27 ölkəsindən 60-dan artıq diaspor təşkilatı təmsil olunur.
Bu xəbər oxucular tərəfindən 1029 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed