Şrift:
Vitautas Landsbergis: “Qarabağ münaqişəsilə bağlı aparılan danışıqlar müharibədən başqa heç nə vəd etmir”
19.04.2012 [16:18] - Siyasət
Tərcüməçidən ön söz

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Litvanın keçmiş dövlət başçısı, Litva Respublikası Seyminin sabiq sədri Vitautas Landsbergisi Bakıda qəbul etdi. Görüşdə digər suallarla yanaşı Azərbaycan ilə Avropa Parlamenti arasında əməkdaşlığa dair məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Bununla bağlı qeyd etmək istərdik ki, Avropa Parlamentinin üzvü və Avropa Parlamentinin Cənubi Qafqaz dövlətləri ilə əlaqələr üzrə nümayəndə heyəti sədrinin müavini V. Landsbergis hazırda müstəqil dövlətlər olaraq Avropa Şurasının üzvü olan keçmiş SSRİ respublikalarında Avropa ictimai-siyasi fikrinin və açıq vətəndaş cəmiyyəti təsisatlarının bərqərar olmasının vacibliyi və sivil dövlət quruculuğu yolunda, həmçinin insan hüquqları sahəsində demokratik islahatlar keçirilməsinin zəruriliyi barədə mediada və Avropa İttifaqı institutlarında vaxtaşırı açıq çıxışlar və çağırışlar edən nüfuzlu siyasi xadim kimi tanınmışdır.
Professor V.Landsbergisin çıxışlarının mühüm hissəsi Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bucağı altında Cənubi Qafqazın siyasi və iqtisadi baxımdan vahid və sabit region kimi formalaşdırılması məsələsinin aktuallığına həsr olunmuşdur. O, ictimai-siyasi publisistik yazılarında Cənubi Qafqaz dövlətlərinin siyasi baxımdan Avropa İttifaqına yaxınlaşdırılmasını və onların Avroatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya edilməsini, regionda Rusiya imperiya iddialarını neytrallaşdırmaq və bu ölkələri Kremlin “göbəyindən tamamilə kəsib uzaqlaşdırmaq” üçün taleyuklü əhəmiyyəti olan proseslər kimi vurğulayır.
Litvanın keçmiş dövlət başçısı Gürcüstan və Azərbaycan ərazilərinin qonşu dövlətlərin təhriki ilə işğal edilməsini və regiondakı “dondurulmuş” münaqişələrin uzun müddət həll olunmamasını strateji məqsədlərə bütünlüklə çatmaq üçün ciddi maneə törədən hərbi və geosiyasi faktorlar kimi siyasi fəaliyyətində daima diqqət mərkəzində saxlayır. O, Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üçün aparılan danışıqları da mütəmadi izləyir və yeri gələndə müvafiq mülahizələr yürüdür, rəy və şərhlərləni söyləyir.
Litva siyasətçisi ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı gedən danışıqları yarıtmaz sayır, bu qrupa üzv olan dövlətləri münaqişənin nizamlanmasında nəticənin olmamasında sərt tənqid edir, işğalçı Ermənistanın ATƏT-lə hesablaşmamasını, onun tövsiyələrinə təpki ilə yanaşmasını Minsk qrupunu özünü doğrultmayan və siyasi arenada sözü keçməyən bir qurum olmasını təsdiq edən faktlar kimi dəyərləndirir. O, məqalələrinin birində “Qarabağ münaqişəsilə bağlı aparılan danışıqları müharibədən başqa heç nə vəd etmədiyini” bildirib.
ATƏT-in Minsk qrupunun bu vaxtadək heç bir nailiyyət qazanmadığını, erməni təcavüzünə son qoymaq və Azərbaycan torpaqlarının işğaldan azad etmək üçün bu Qrupa üzv olan ABŞ, Fransa və Rusiya dövlətlərinin qeyri-konstruktiv mövqe tutduqlarını və beləliklə Qarabağ danışıqlarının dalana dirəndiyini təəssüflə vurğulayan V. Landsbergis münaqişənin həllinə Avropa İttifaqının daha yaxından cəlb edilməsini qənaətbəxş sayır və bu yolda Avropanın Parlament diplomatiyasını gücləndirməyi təklif edir, Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin həlli axtarışlarında Avropa Şurasının və Avropa İttifaqının digər təsisatlarının fəal iştirakını təbliğ edir.
Səbatlı və təcrübəli siyasətçi kimi tanınmış, həmçinin sözünün üstündə möhkəm durmuş V. Landsbergis son vaxtlar Avropa İttifaqı təsisatlarının sədrləri ilə daha tez-tez görüşlər keşirir və Qarabağ münaqişəsinin həllinin mümkün variantları ətrafında müzakirələr aparır, Avropa Parlamenti rəhbərlərinə ardıcıl surətdə müraciətlər və təkliflər edir, onlara həsəd oyadan bir mətanətlə müxtəlif sorğular göndərir, əldə edilmiş nəticələr və alınmış cavablar barədə geniş ictimaiyyət dairələrini media vasitələri ilə daima məlumatlandırır.
V. Landsbergisin bu yönümdə göstərdiyi siyasi fəaliyyət Avropa Parlamentinin rəsmi sənədlərində və həmçinin dövri mətbuatda da çoxdan öz əksini tapmışdır. Bununla bərabər, onun Qarabağ münaqişəsi ilə bağlı hazırladığı çoxsaylı müxtəlif publisistik yazılar müəllifin kitablarında da yer alıbdır. Belə ki, V. Landsbergisin 2010-cu ildə Vilnüsdə litvaca çapdan çıxmış „Europos Parlamente“ (“Avropa Parlamentində”) adlı kitabında digər ictimai-siyasi yönümlü materiallarla yanaşı müəllifin sözügedən mövzuda apardığı yazışmalar da dərc edilibdir. Onlardan səciyyəvi nümunə olaraq V. Landsbergisin Avropa Komissiyasının sədri Joze Manuel Bаrrozoya ünvanladığı müraciəti və ondan aldığı cavab məktubunu Litva dilindən tərcümə edib oxucuların diqqətinə çatdırırıq.


Vitautas Landsbergisin Avropa Komissiyasının Prezidenti Joze Manuel Bаrrozoya məktubu

Cənab Prezident,

Dondurulmuş münaqişələr nə qədər ki, dondurulmuş şəkildə qalacaqdır, onlar heç bir zaman yaxşılığa doğru dəyişməyəcəkdir. Ermənistan - Azərbaycan dondurulmuş müharibəsində Avropa Komissiyasının təşəbbüsü ilə, heç olmazsa, uzaq bir ümidə yeni pəncərə açıla bilər. Belə ki, əgər, Avropa Komissiyası Ermənistanla Azərbaycanın uzaq gələcəkdə Avropa Birliyinə üzv qəbul edilməsinin mümkünlüyü nöqteyi-nəzərindən bu dövlətlərin Dağlıq Qarabağ probleminə necə yanaşacaqları ilə bağlı fəaliyyət planının tutulması işinə başlasaydı, bu, böyük bir nailiyyət olardı. Qoy belə bir fikir heç olmazsa, ideya olaraq mövcudiyyətdə olsun. Əgər, 10-20 ildən sonra ermənilərin və azərbaycanlıların Avropa Birliyi vətəndaşları olacaqları bilinsəydi, onda, Qarabağ ərazisinin və oranın sakinlərinin “status” problemi necə həll olunardı? Avropa Birliyinin üzvü olan dövlətlərin tamamilə açıq daxili sərhədlərinin haradan cızılması onda böyük təfavütmü kəsb edərdi? Həmçinin, belə sərhədlər prinsipi azərbaycanlıların həyat adası olan, lakin, Azərbaycandan tamamilə ayrılmış və blokadaya alınmış, yenidən birləşdirilməsinə isə ümidin qalmadığı Naxçıvan regionuna da aid olunardı.
Cənab Prezident, Sizə alternativ təklif olaraq təqdim etməyə cəhd göstərdiyim bu idealist ideyanın qəbul olunmadığı halda, Qarabağ münaqişəsi ətrafında gedən bütün bu laqqırtılar müharibədən başqa heç nə vəd etmir...
Bu doğrudurmu ki, Azərbaycan “Nabucco” {layihəsinin} iştirakçısı kimi fəaliyyət göstərmir və bu ölkə həmin projeyə qatılmaq üçün hətta dəvət almayıb? Həqiqətənmi, Avropa bunu Azərbaycana təklif etməyib?

Hörmətlə
Vitautas Landsbergis,
Avropa Parlamentinin üzvü
30 oktyabr 2008-ci il.


=====================================================================

Avropa Komissiyasının Prezidenti Joze Manuel Bаrrozonun
Vitautas Landsbergisə cavab məktubu

Hörmətli Landsbergis cənabları,

Dağlıq Qarabağ münaqişəsilə bağlı mənə oktyabrın 30-da göndərdiyiniz məktuba görə Sizə təşəkkür edirəm.
Həmin uzunsürən münaqişədə Avropa Komissiyası sülhün qorunmasını fəal surətdə dəstəkləyir və bu yolla Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına, tərəqqi və sabitliyin genişlənməsinə töhfələr verir.
Avropa Komissiyası 1994-cü ildə atəşkəsdən sonra Avropa Təhlükəsizliyi və Əməkdaşlığı Təşkilatının (ATƏT) təşəbbüsü ilə aparılan sülh danışıqlarını dəstəkləyir və biz, hələ də belə düşünürük ki, ATƏT-in Minsk qrupu və ələlxüsus onun həmsədrləri, – Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası və Fransa dövlətləri – münaqişəni sülh yolu ilə həll etmək üçün münasib format rolunu oynayırlar. Son həftələr ərzində gəlib çatan ürəkləndirici xəbərlər bizə ümid verir ki, yaxın gələcəkdə sülh əldə oluna bilər.
Mən, Ermənistan və Azərbaycanın Avropa Birliyinə üzv olaraq qoşulması perspektivi ilə əlaqədar və bununla da regionda sərhədləri praktiki olaraq əhəmiyyətsiz etməklə bağlı Sizin təklifinizə diqqət yetirdim, amma, bu dövlətlərin Avropa Birliyinə üzv qəbul olunması perspektivi gündəmdə durmur. Ermənistan və Azərbaycan Avropanın yeni qonşuluq siyasət proqramında iştirak edirlər. Bu proqram isə münasibətləri gücləndirmək üçün möhkəm əsas yaradır və həmin dövlətlərə islahatlar həyata keçirmək sahəsində yardım göstərməyə imkan verir. Sözügedən proqram hazırda Şərq partnyorluğu təşəbbüsü əsasında mahiyyət etibarilə daha da dərinləşdirilir.
Komissiya əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin müsbət həll olunması üçün ən yaxşı üsullardan biri hər iki tərəfin qarşılıqlı etibarın gücləndirilməsi tədbirlərinə cəlb olunmasına yardım göstərməkdən, insanların qarşılıqlı münasibətlərinə konkret əməkdaşlıq yönümündə yaşayış yerlərində dəstək verməkdən ibarətdir. Komissiyanın bu cür fəaliyyəti ATƏT-in Minsk qrupu məqsədlərinin gerçəkləşdirilməsini yüngülləşdirə bilər. Ermənistan və Azərbaycan 2006-cı ildə Avropanın yeni qonşuluq siyasət proqramı üzrə qəbul edilmiş beşillik plana uyğun olaraq bundan sonra da öz fəaliyyətlərini davam etdirməlidirlər. Daha demokratik, şəffaf və əsil plüralist vətəndaş cəmiyyətinin qurulması isə münaqişənin sülh yolu ilə həll olunması işinə şübhəsiz ki, töhfələr verərdi.
Avropa Komissiyası dekabr ayının 3-də Avropa Şurasına və Avropa Parlamentinə Şərq partnyorluğunun qurulması ilə bağlı təkliflərdən ibarət kommunikat təqdim edib. Bu qurumlara Avropanın yeni qonşuluq siyasəti proqramında iştirak edən Şərq dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətləri çərçivəsində əlaqələr yaratmaq təklif olunur ki, bu da Avropanın yeni qonşuluq siyasətinin gücləndirilməsinə və daha uzaq addımların atılmasına gətirib çıxarardı. Avropa Şurası və Avropa Parlamentində bu kommunikat təsdiq edildikdən sonra, həmin təkliflər regionda vəziyyətin yaxşılaşdırılmasına xidmət edərdi və xüsusilə də, Cənubi Qafqazın ümumi inkişafına maneə törədən münaqişənin aradan qaldırılmasına dəstək verərdi.
Azərbaycanla energetika əməkdaşlığı məsələsinə gələndə isə mən Sizi əmin etmək istərdim ki, neft və qazın Mərkəzi Asiyadan və Cənubi Qafqazdan Qərb bazarına alternativ yollarla nəql edilməsi ilə bağlı bizim irəli sürdüyümüz təkliflər ətrafında aparılan müzakirələrdə Azərbaycan iştirak edir.

Səmimiyyətlə,
Sizin Joze Manuel Bаrrozo
21 yanvar 2009-cu il.

Litva dilindən tərcümə edən:
Mahir HƏMZƏYEV
Litva azərbaycanlıları cəmiyyətinin sədri,
Azərbaycanın əməkdar jurnalisti.

Vilnüs, 14-15 aprel 2012-ci il.
Bu xəbər oxucular tərəfindən 927 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed