Şrift:
Aprel şəhidi Toğrul Fərəczadəyə həsr olunmuş "Daş heykəlin nağılı" kitabının təqdimatı oldu
02.04.2017 [11:30] - Xəbərlər, Hərb
Ağsu rayon Mədəniyyət Mərkəzində gənc yazar Rəfiqə Rafiqqızının müəllifi olduğu, 2016-cı ilin aprel ayında cəbhə xəttində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına həlak olmuş şəhid Toğrul Fərəczadə haqqında yazılmış "Daş Heykəlin Nağılı" kitabının təqdimat mərasimi keçirilib. Azərbaycanın Dövlət Himni ilə başlanan tədbirdə Toğrul Fəraəczadənin həyat yolundan bəhs edən videorolik nümayiş etdirilib. Daha sonra müəllifin Toğrul Fərəczadəyə həsr etdiyi monoloq səsləndirilib.

Tədbirdə çıxış edən şəhid atası Habil Cəbiyev övladının keçdiyi döyüş yolu barədə danışəb və şəhid oğlu ilə fəxr etdiyini bildirib: "Toğrul daim vətən üçün, torpaq üçün yarandığını və ən böyük borcunun işğal altındakı əraziləri işğaldan azad etmək olduğunu deyirdi. Onun bir amalı var idi, o da torpaq uğrunda döyüşmək, şəhid olmaq. Mən bu gün oğlumla qürur duyuram. Tək oğul itkisi mənimçin nə qədər ağır olsa da, Şəhid atası olmaq o qədər qürurvericidi. Nə qədər Azərbaycan var, o qədər də Toğrul var. Nə qədər Toğrul var o qədər də mən varam. Silahdaşlarının dediyinə görə, Toğrul sağlığında öz qanını alıb. Oğlum "Talış" yüksəkliyinin işğaldan azad olunması zamanı 100-dən artıq ermənini məhv edib şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bir oğul itirdim, yüzlərlə qəhrəman oğul qazandım".

Tədbirdə çıxəş edən Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və rayonun digər rəsmiləri, Toğrul Fərəczadənin oxuduğu orta məktəbin direktoru, rayon ziyalıları Toğrul haqqında xatirələrini bölüşüb.

Tədbirin sonunda çıxış edən müəllif Rəfiqə Rafiqqızı Toğrul Fərəczadəyə orta məktəbdə dərs dediyini bildirib: "Toğrul sinifdə demişdi ki, müəllimə, vaxt gələcək siz mənimlə fəxr edəcəksiniz. Bəli mən bu gün Toğrulla fəxr edirəm və sonadək də fəxr edəcəm. Toğrul mənim pedaqoji fəaliyyətim dövründə fəxr etdiyim yeganə şagirdimdir. Ona görə də Toğrul haqqında bu kitabı yazmaqla, onun qəhrəmanlığının kiçik bir hissəsini qələmə almaqla özümdə təsəlli tapdım. Aprel döyüşləri qanlı hadisələrlə yadda qalmaqla yanaşı həm də şanlı tariximizdi. Çünki aprel hadisələri son 25 ildə Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində ilk uğuru idi. Toğrul və onun kimi qəhrəman oğullarımızın igidliyi nəticəsində Azərbaycanın 25 ildən artıq işğal altında olan torğaqlarının bir qismi azad edildi. Toğrul kimi oğullar canından keçməklə adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı, Azərbaycan üçün tarix yazdı".
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed