Şrift:
“Ədəbicə” dərgisi özəl buraxılışını ustad Şəhriyara həsr edib – Türkiyədə
02.04.2017 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyədə 2016-cı ildən nəşr olunan “Ədəbicə” dərgisi özəl buraxılışını güney azərbaycanlı dünya şöhrətli şair ustad Məhəmməd Hüseyn Şəhriyara həsr edib.

İki ayda bir nəşr olunan dərgi bir qrup ədəbiyyatçı, araşdırmaçı və universitet müəllimləri tərəfindən idarə olunur.

Mədəniyyət, düşüncə, incəsənət və ədəbiyyat sahəsində fəaliyyət göstərən dərgi, qeyd olunan zəminlərdə türk dünyasının məşhur elm adamlarını tanıtdırmağa çalışır. Xüsusi buraxılışda şairdən “Şəhriyar, türkün səsi” başlığı altında bəhs olunur.

“Ədəbicə” dərgisinin 6-cı sayının üzərində görkəmli şairin böyük şəkili də əks olunub. Dərgidə ustad Şəhriyarın oğlu Hadi Behcət və şairin şeir məclislərinin iştirakçısı olan Əli Vafidən müsahibə dərc olunub.

Dərgidə “Şəhriyar bir millətin arifi”, “Şəhriyar, türk və türk dili”, “Şəhriyar”, “Məhəmməd Hüseyn Şəhriyar və Herdər babaya salamın təsiri”, “Şəhriyar eşq şairi”, “Gəlmişəm nazlı hilal ölkəsinə”, “Şəhriyar, türkün səsi”, “Şəhriyar və eşq” və s. kimi başlıqlar altında müxtəlif müəlliflərə aid yazılar dərc olunub.

Xatırladaq ki, Şəhriyar təxəllüsü ilə tanınan, şeirlərini Azərbaycan türkcəsi və fars dillərində yazmış böyük Azərbaycan şairi Seyid Məhəmməd Hüseyin Behcəti Təbrizi 1906-cı ildə Şərqi Azərbaycan Əyalətinin baş şəhəri Təbrizdə dünyaya gəlib. Onu XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə şairin ölməz “Heydər babaya salam” poeması olub. Əsər əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffətilə yazılsa da, qüdrətinin böyüklüyünə görə bütöv Vətən haqqında dastan kimi oxunur. Ustad Şəhriyar 18 sentyabr 1988-ci ildə Tehranın Mehr xəstəxanasında 82 yaşında vəfat etmiş, 20 sentyabrda Təbrizdəki Surxab qəbiristanlığında “Məqbərətüş-şüəra”da (şairlər məqbərəsində) dəfn edilmişdir.
Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed