Şrift:
Azərbaycanda dövlət qulluqçusu statusu bütün müəllimlərə şamil ediləcək
13.10.2011 [09:57] - Gündəm
Azərbaycanda dövlət qulluqçusu statusu stajından asılı olmayaraq, hazırda təhsil müəssisələrində çalışan bütün müəllimlərə şamil ediləcək. Bunu çərşənbə günü Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, dövlət qulluqçusu statusu hazırda işləyənlərlə yanaşı, təqaüdə göndərilmiş müəllimlərə də aid ediləcək.

Qədriov deyib ki, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı təklifləri hökumət hazırlayıb. Təhsil Nazirliyi isə ona yalınız rəy verib.

Müəllimlərin nə vaxtdan dövlət qulluqçusu hesab ediləcəyinə gəldikdə, şöbə müdiri bildirib ki, ilk növbədə bununla bağlı sənəd imzalanmalıdır. Amma hələlik bununla bağlı heç bir qərar olmadığı üçün müəllimlərin nə vaxtdan dövlət qulluqçusu hesab ediləcəyi bilinmir.

"Dövlət qulluğu haqqında" qanuna edilən yeni dəyişikliyə görə, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.

Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir.
Bu xəbər oxucular tərəfindən 1196 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed