Şrift:
"Qərb Dağlıq Qarabağ probleminin həllini Putinsiz Rusiya ilə düşünür" — Politoloq rəyi
04.04.2017 [10:25] - Köşə yazarları, Siyasət
Aprel döyüşlərində Azərbaycan ordusunun uğurlu əməliyyatlarının danışıqlar prosesinə də təsir edəcəyi gözlənilirdi. Aprel döyüşləri dayandırılandan dərhal sonra danışıqlar prosesinin aktiv fazası başladı, ancaq bir müddət sonra danışıqlar tamamilə dayandırıldı.

Dünən Ermənistanda parlament seçkiləri keçirildi. Ter-Petrosyanın partiyasının qələbə çalacağı təqdirdə danışıqlarda yeni mərhələnin başlanacağı deyilirdi, ancaq Petrosyanın partiyası ümumiyyətlə parlamentə düşə bilmədi.

Aprel döyüşlərinin nəticəsi və Dağlıq Qarabağ probleminin həlli barədə politoloq Elşən Manafov Ölkə.Az-a danışıb:

"Ötən ilin aprel döyüşləri Azərbaycan dövlətinin iqtisadi və hərbi gücünün nümayiş etdirilməsi baxımından çox müsbət və əlamətdar bir hadisə oldu. Aprel döyüşlərindən sonra Azərbaycan tərəfinin artıq şərtlərini diqtə edə biləcək dövlət olması ilə bağlı məsələlər gündəmə gəldi.

Atəşkəsin bərpa edilməsi ilə bağlı o vaxt Rusiya tərəfi çıxış etdi. Müvəqqəti də olsa atəşkəs yenidən bərpa olundu. Ancaq ondan sonra əldə edilmiş atəşkəsin şərtlərinin ermənilər tərəfindən pozulmadığı bir gün də olmayıb.

Güman edirəm ki, aprel döyüşlərindən sonra danışıqların gedişatında Azərbaycan tərəfinin xeyrinə ciddi dəyişikliklərin və dönüşün baş verməməsi hər halda Rusiya tərəfinin bu məsələdə sərgilədiyi mövqe ilə daha çox əlaqəli oldu. Məhz aprel döyüşlərindən dərhal sonra rəsmi Moskva Rusiyanın xarici işlər naziri Lavrovun adı ilə əlaqələndirilən "Lavrov planı" mövqeyi ilə çıxış etdi. Bu mövqe münaqişənin Azərbaycan dövlətinin ərazi bütövlüyünün tənzimlənməsi ilə bağlı məsələləri özündə ehtiva etməli idi. Bu münaqişənin tənzimlənməsində ciddi təsir imkanlarına malik olan tərəf Rusiyadır".

Qərbin Dağlıq Qarabağ problemi ilə bağlı sərgilədiyi mövqe ilə bağlı politoloq bunları dedi:

"Rusiya və Qərb arasında postsovet məkanının digər bölgələri, xüsusilə Ukrayna uğrunda gedən mübarizənin güclənməsi, Rusiyanın Suriyaya daha ciddi şəkildə müdaxilə etməsi Qarabağ probleminin danışıqlar yolu ilə həllini müəyyən mənada məhdudlaşdırdı. ABŞ-da keçirilən seçkilər də danışıqlarda gözlənilən dinamizmin əldə olunmamasına mənfi təsir göstərdi. ABŞ-ın yeni administrasiyasının da postsovet məkanındakı münaqişlərə daha fərqli mövqe sərgiləyəcəyi ilə bağlı iddialar var idi, ancaq biz ekspertlər qeyd etmişdi ki, Trampın prezident seçilməsindən sonra da ABŞ-ın guya postsovet məkanında belə münaqişələrin tənzimlənməsində Rusiyaya güzəştə gedəcəyi ilə bağlı səsləndirilən fikirlərin heç bir ciddi hüquqi əsası yoxdur. Tramp administrasiyasının bu günlərdə "Rusiya Krımı qaytarmayana qədər Rusiyaya tətbiq edilən sanksiyalar götürülməyəcək" bəyanatı bir daha vurğuladı ki, rəsmi Moskva ilə münasibətlərdə də gərginliyin aradan qaldırılması ehtimalı çox azdır. Bu onu göstərir ki, Qərb özü belə Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətdə qalmasında maraqlı deyil.

Qərb görünür Rusiyanın nə zamansa zəifləyə biləcəyini, Cənubi Qafqazdan çəkiləcəyəni gözləyir. Çox böyük ehtimalla Qərb Dağlıq Qarabağ probleminin həllini Putinsiz Rusiya ilə düşünür, bu isə çox ciddi vaxt itkisinə gətirib çıxarır".

Ermənistanda seçkilərin nəticəsi Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan olacağı gözlənildiyi üçün maraqla izlənilirdi. Bununla bağlı Elşən Manafov fikirlərini bölüşüb:

"Güman edirəm ki, Ermənistanda siyasi hakimiyyətin dəyişməsi, hakimiyyətə Azərbaycanla münasibətləri daha normal zəmində qura bilən iqtidarın hakimiyyət başına gələcəyi təqdirdə biz danışıqların gedişində kifayət qədər fərqli mənzərə yaranmasının şahidi ola bilərdik.

Dünən Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələrindən bəlli oldu ki, Ermənistanda Dağlıq Qarabağ probleminin çözülməsi ilə bağlı güzəştlər taktikasının tərəfdarı olan sabiq prezident Ter Petrosyanın tərəfdarları və onun başçılıq elədiyi siyasi partiya parlamentə keçə bilmədi. Bu parlamentdə də yenə müharibə tərəfdarı olan siyasi qüvvələr üstünlük təşkil etdilər. Sərkisyan Qarabağ dalğası üzərində hakimiyyətə gəlmiş siyasi bir qüvvədir. Sərkisyan iqtidarının da Ermənistanda mövcud sosial iqtisadi problemlərin həll olunmamasının səbəbini məhz Dağlıq Qarabağ problemi ilə əlaqələndirməsi, erməni cəmiyyətini millətçilik dalğasına kökləməsi Ermənistanın yenə də qeyri-konstruktiv mövqe sərgiləməkdə davam etməsi ilə nəticələndi. Status-kvonun saxlanılmasının tərəfdarı olan qüvvələr də Ermənistanın bu siyasətinə dəstək verirlər.

Çox təəssfülər olsun ki, status-kvonun saxlanılması bölgədə sülh və sabitliyə, iqtisadi layihələrə təhlükə yaratdığını deyən tərəflər status-kvonun bu vəziyyətdə saxlanılmasının mümkünsüz olduğunu, mövcud reallıqlara ciddi təhlükə təşkil etdiyini dəfələrlə bəyan etsələr də, Minsk qrupunda təmsil olunmuş dövlətlərin heç biri mövcud vəziyyətin aradan qaldırılması üçün daha fərqli və qətiyyətli mövqe nümayiş etdimir. Hətta Azərbaycan prezidentinin bu günlərdə Fransada Fransa prezidenti Fransua Ollandla danışıqlardan sonra da rəsmi Paris status kvonun bu vəziyyətdə qala bilməyəcəyini bəyan etdi. Vəziyyət özü bölgə üçün ciddi təhlükə mənbəyidir.

Bunlarla belə, ATƏT-in Minsk qrupunun həmsədr olduğu dövlətlərin mövqeləri deklorativ mövqe daşıyır. Münaqişənin yaratmış olduğu problemin aradan qaldırılması üçün tərəflərin hansı güzəştlərə gedə biləcəyi ilə bağlı məsələlərə aydınlıq gətirilməyib.

Azərbaycan tərəfi ən böyük güzəştə getməyə hazırdır. Bu güzəşt Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar dövlət qurmaq hüququnun Azərbaycan hakimiyyəti tərəfindən tanınmasıdır. Tarixən Azərbaycan çox böyük güzəştlərə gedib, bunun nəticəsinə Qərbi Azərbaycan torpaqlarında erməni dövləti yaranıb".

Səxavət Məmməd
Ölkə.Az
Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed