Şrift:
Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi ilə əlaqədar məlumat yayılıb
04.04.2017 [14:31] - Siyasət
RF Xarici İşlər Nazirliyi (XİN) Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi ilə əlaqədar KİV üçün məlumat yayıb.

Məlumatda deyilir: “Aprelin 4-də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi tamam olur.

Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq ənənələri, ortaq tarix və mədəniyyət, bir-birinə qaynayıb-qarışmış milyonlarla insanın taleləri bağlayır. Ötən iyirmi beş il ərzində biz bu qiymətli irsi qoruyub saxlamağa və artırmağa, münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq.

İkitərəfli münasibətlərin prinsiplərini və prioritetlərini müəyyən edən əsas sənədlər Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Dostluq və Strateji Tərəfdaşlıq Haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamədir.

Siyasi dialoq yüksək intensivliyi ilə səciyyəvidir. İki dövlətin regionları, parlamentləri, idarələri və dövlət başçıları arasında səmimi, qeyri-formal, etimada əsaslanan və müstəsna fəal əlaqə saxlanılır. İqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyalar səmərəli işləyir. Dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlərdən ibarət müqavilə-hüquqi bazanın təkmilləşdirilməsi və genişləndirilməsi üzrə fəal iş aparılır.

Rusiya və Azərbaycan bir sıra aktual beynəlxalq problemlərə münasibətlərinin oxşar olmasına əsaslanaraq beynəlxalq aləmdə bir-birini səmərəli şəkildə dəstəkləyirlər.

Son illərdə beynəlxalq konyunkturan əlverişsiz olmasına baxmayaraq ikitərəfli ticari-iqtisadi əlaqələr və investisiya əməkdaşlığı davamlı şəkildə inkişaf edib. Azərbaycan bazarında 600-dən çox, o cümlədən yüz faiz Rusiya kapitalı əsasında 200-ə yaxın və birgə müəssisə formatında 400-dən çox müştərək şirkət fəaliyyət göstərir. İndiyə qədər Rusiyadan Azərbaycana investisiyaların ümumi həcmi təqribən 1,4 milyard ABŞ dollarına bərabərdir.

Rusiya Federasiyasının 70-dən çox subyektini təmsil edən müəssisələrin cəlb olunduğu Regionlararası əlaqələr genişlənir. Rusiyanın 17 regionu ilə Azərbaycan arasında iqtisadi, mədəni və elmi-texniki əməkdaşlıq haqqında sazişlər bağlanıb.

Bizə miras qalmış ortaq dil, təhsil və mədəniyyət məkanının möhkəmlənməsinə xüsusi diqqət yetirməklə humanitar sahədə qarşılıqlı əlaqələrimiz həmişə prioritet məsələ olaraq qalır. 15 minə yaxın Azərbaycan vətəndaşı Rusiyada təhsil alır. 2010-cu ildən Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. 2015-ci il sentyabrın 15-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılışı olub.

Bizim müştərək layihəmiz – Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında fəaliyyət göstərən Bakı Beynəlxalq Humanitar Forumu müasir cəmiyyətin inkişafına dair aktual problemlərin müzakirəsi üçün səmərəli məkana çevrilib.

İyirmi beş il ərzində ölkələrimizin qazandığı böyük uğurlar nikbinlik və əminlik yaradır ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etdirilməsi xalqlarımızın köklü maraqlarının və amallarının reallaşmasına, hər iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə şərait yaradacaq, Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə müştərək töhfəmiz olacaq”.

Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 306 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed