Şrift:
Lənkəranda Aprel döyüşlərində qələbənin ildönümü qeyd olunub
05.04.2017 [09:26] - Gündəm, Sosial
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində ötən ilin aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin ildönümü qeyd olunub.

Toplantıda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyeva aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd edərək bildirib ki, bu qələbə xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bir daha sübut etdi.

R.Əliyeva bütün ölkədə olduğu kimi, Lənkəranda da şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırıb.

Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri Əbulfət Əliyev, Qarabağ müharibəsi veteranı Əlisəfa Ağayev, Aprel döyüşlərində şəhid olmuş Qalib Zülfiqarlının qardaşı, Milli Ordunun əsgəri Qabil Zülfiqarlı və Lənkəran Dövlət Universitetinin tələbəsi Orxan Əmənov çıxışlarında Aprel döyüşlərində qazanılan qələbədən ruhlandıqlarını, bu döyüşlərdə həlak olmuş əsgərlərin qəhrəmanlığı ilə fəxr edib qürur hissi keçirdiklərini və Vətən torpaqlarının işğaldan azad olunması naminə vuruşmaq üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildiriblər.

Tədbir iştirakçıları Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” sənədli filmə baxıblar.
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed