Şrift:
Bu ilin birinci rübündə DSMF-nin gəlirləri 20%-ə yaxın artıb
05.04.2017 [15:08] - Gündəm
Cari ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20%-ə yaxın artaraq 905,3 mln. manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 12%-ə yaxın artaraq 464,2 mln. manat təşkil edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fonda daxilolmaların 63,6%-i və ya 295,3 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da keçən ilin ilk rübünə nisbətən 11,2% və ya 30 mln. manat çox olmaqla, proqnozun 102,5% icra edildiyini göstərir.

Fonda ümumi daxilolmaların səviyyəsi cari ilin ötən dövründə pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Həmçinin əldə edilmiş maliyyə imkanları nəticəsində mart ayı üzrə pensiyaların Novruz bayramı ərəfəsində, mart ayının birinci yarısında maliyyələşdirilməsi yekunlaşdırılıb. Yanvar-mart aylarında ölkə üzrə pensiyaçıların sayı cari ilin əvvəli ilə müqayisədə 0,3% və ya 3 771 nəfər artaraq 1 mln. 319 min nəfərə çatıb.

Bundan başqa, bütün növ əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin istehlak qiymətlərinin indeksi səviyyəsinə uyğun olaraq cari ilin yanvar ayından 12,4% artırılması təmin olunub. Ölkə üzrə əmək pensiyalarında artım dinamikasının davamı kimi, əmək pensiyalarının orta aylıq məbləği 2017-ci ilin əvvəli ilə müqayisədə 5,3% artaraq 1 aprel tarixinə 202,38 manata çatıb. Həmçinin ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 44,9% təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.

Sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesində fərdi uçota alınanların sayı cari ilin birinci rübündə ilin əvvəlinə nisbətən 2,13% artaraq 1 aprel tarixinə 3 443 760 nəfərə çatıb.

Əhalinin sığorta-pensiya münasibətləri sahəsində xidmətlərdən elektron qaydada, rahat və şəffaf şəraitdə faydalanması, bu sahədə xidmətlərin online rejimdə sadələşdirilməsi üçün ötən dövrdə aparılan mühüm işlər hesabat dövründə də davam etdirilib. Belə ki, sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayı azaldılaraq vahid rüblük hesabatla əvəz edilib. Bununla əlaqədar artıq cari ilin 1 aprel tarixindən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılıb.
Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed