Şrift:
“Sarı gəlin” Argentina radiosunda səsləndirilib
21.04.2012 [17:03] - Diaspor
“Conexion Abierta” radiosunun “İmpulso Cultural” proqramı Azərbaycana həsr edilib


Argentinanın Açıq İnteramerikan Universitetinin (Universidad Abierta İnteramericana) “Conexion Abierta” radiosunun “İmpulso Cultural” proqramının dünən yayımlanmış buraxılışı bütünlükdə Azərbaycana həsr edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “İmpulso Cultural” proqramı universitetlə Argentinanın “Equilibrium Globol” qeyri-hökumət təşkilatının birgə layihəsidir və bu proqram müxtəlif ölkələrin tarixi, mədəniyyəti və musiqisinə həsr olunur.

1 saatlıq veriliş canlı olaraq, Azərbaycanın Argentinadakı səfirliyin əməkdaşı Ruslan Rzayevlə müsahibə şəklində yayımlanıb. Müsahibədə Ruslan Rzayev Azərbaycanın qədim və zəngin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, ənənələri və mətbəxi haqqında məlumat vermiş və ölkəmizin çoxmədəniyyətli ölkə olması və sivilizasiyalararası dialoqun təşviqindəki rolu barədə danışıb. Ruslan Rzayev diqqəti əsas etibarilə Azərbaycanın tarixi-mədəni mərkəzlərindən olan Qarabağ bölgəsinə yönəldərək Qarabağ muğamı, xalçaçılıq və zərgərlik məktəbi, habelə bu bölgədən çıxmış tanınmış Azərbaycan mədəniyyət xadimləri barədə də məlumat verib.

Proqramda “Eurovision” Mahnı Müsabiqəsinə də toxunulub və Azərbaycanın ötən il bu müsabiqədə qalib gəldiyi, müsabiqənin bu il Azərbaycanda keçiriləcəyi nəzərə çatdırılıb. Bu xüsusda ötən il “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycana qələbə qazandıran mahnı və bu il “Eruovision”da Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı səsləndirilib. Habelə proqram çərçivəsində Əlixan Səmədovun ifasında “Sarı gəlin” və Akif İslamzadənin ifasında “Qaragilə” musiqi nömrələri də dinləyicilərə təqdim olunub və bu əsərlərin Azərbaycan mədəniyyətində önəmli yer tutduğu diqqətə çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 1370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed