Şrift:
Fransalı jurnalist Qarabağa getmək üçün Azərbaycandan icazə istədi
07.04.2017 [10:20] - Siyasət
Fransadan olan sərbəst reportyor Roman Myelkarek Ermənistan tərəfindən işğal edilən torpaqlara getmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edib.
Jurnalist fəaliyyətini həyata keçirmək məqsədilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər üçün akkreditasiya olunmasını və icazə verilməsini xahiş edib.


Roman Myelkarek Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmət etdiyini bildirib.

O, gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyinə dair zəmanət verib və xarici KİV nümayəndələrinin akkreditasiyası üçün nəzərdə tutulmuş müvafiq anket formasini təqdim edib.

Roman Myelkarekin bu müraciətini, Azərbaycanın qanunlarına riayət və hörmət etməsini nəzərə alaraq, onun adı arzuolunmaz şəxslər siyahısına salınmayıb.

Qeyd edək ki, 3-7 mart 2017-ci il tarixində Roman Myelkarek Azərbaycanda olub, cəbhə bölgəsinə səfər edib, qaçqın və məcburi köçkünlərlə görüşüb, münaqişə ilə əlaqədar Azərbaycanın mövqeyi barədə məlumat alıb. 19-20 mart tarixlərində isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib.

"Bu hal Azərbaycan tərəfinin ölkəmizin qanunlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşan, jurnalist etikasına və obyektivliyinə zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin birtərəfli təbliğatı ilə məşğul olmayan beynəlxalq media nümayəndələri, bloqer və ya sərbəst reportyorlarla konstruktiv əməkdaşlığının növbəti nümunəsidir", - deyə XİN qeyd edib.
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed