Şrift:
Göy Məscidə giriş biletinin üzərində Təxti Cəmişidin təsviri əks olunub...
07.04.2017 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Novruz bayramı ərəfəsində turistlər üçün nəzərdə tutulan biletlərin üzərində əks olunan təsvir, Azərbaycana qarşı daha bir ayrı-seçkilik faktını üzə çıxarıb.

Təbrizin Göy Məscidinə giriş bileti üzərində Təxti Cəmşidin əks olunması sosial şəbəkələrdə böyük etiraza səbəb olub. Buna etiraz edənlər təkcə internet istifadəçiləri ilə məhdudlaşmır.

“İsna” xəbər agentliyində yayılan məlumata görə, Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Məhəmməd İsmail Səidi, Şərqi Azərbaycan Turist Liderləri Birliyinin rəisi, İran Turist Liderləri Mərkəzinin əvəzedici üzvü Aydın Nezafət və Şərqi Azərbaycan Muzeylər üzrə Qurumun müdiri Mehdi Bəzzaz Dəstfruş xəbər agentliyinə verdikləri açıqlamada ayrı-seçkilik faktına görə etirazlarını bildiriblər.

Adı çəkilən yerli məsullar İran Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatını tənqid edərək bildiriblər ki, təşkilatın nəzarəti altında olan turizm məkanlarına giriş biletlərinin üzərində bütün bölgələrin önəmli yerləri əks olunmalıdır. “Ölkənin müxtəlif vilayətlərində yaşayan əhali, biletlər üzərində öz bölgələrinin turizm məkanlarını görmək istəyir. Ona görə də bu məsələ qısa müddətdə öz həllini tapmalıdır, Biz bununla bağlı Mədəni İrs Təşkilatına xüsusi məktub da hazırlamışıq”- deyə millət vəkili Məhəmməd İsmail Səidi bildirib.

Azərbaycanlı yerli məsullar 2018-ci il üçün Təbriz şəhərinin islam ölkələrinin turizm paytaxtı seçildiyini də xatırladaraq Azərbaycanda kifayət qədər cazibəli məkanların olduğunu və onların biletlər üzərində əks olunmasının vacib olduğunu vurğulayıblar.

Qeyd edək ki, muzey və turizm məkanlarına giriş biletləri üzərində fars bölgələrinə aid olan əsasən Təxti Cəmşid, Pasarqad və İsfahanın İmam Məscidinin görüntüsü əks olunub. Biletlər üzərində Azərbaycan şəhərlərinə aid heç bir əsər-əlamət yoxdur.

N.S
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed