Şrift:
Azərbaycan Dillər Universitetində “Diaspor dərsi”
08.04.2017 [09:53] - Gündəm, Diaspor
Azərbaycan Dillər Universiteti (ADU) ölkəmizin hüdudlarından kənarda çalışa biləcək peşəkar kadrlar yetişdirir.

ADU-dan bildiriblər ki, bunu universitetin prorektoru, professor Ələddin Əliyev aprelin 7-də bu ali təhsil ocağında Diaspor Jurnalistlər Birliyinin (DJB) təşkilatçiliği ilə keçirilən tədbirdə deyib.

DJB-nin “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində keçirilən tədbirdə Ə.Əliyev qurumun gördüyü işləri yüksək qiymətləndirib. O, diaspor təşkilatlarının və jurnalistlərin birgə fəaliyyətlərinin müvafiq sahədə mühüm nəticələr verəcəyinə əminliyini bildirib. Diqqətə çatdırılıb ki, bu qəbildən olan tədbirlərin müntəzəm və sistemli keçirilməsi, belə dərslərin tədris planına salınması zəruridir.

DJB-nin sədri Fuad Hüseynzadə bu qurumun iş prinsipi, əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib. Vurğulanıb ki, DJB azərbaycançılıq ideologiyası əsasında fəaliyyət göstərir. “Ali məktəblərdə diaspor dərsləri” layihəsinin məqsədi, strategiyası və əsas hədəfləri tələbələrin Azərbaycan diasporu haqqında düşüncələrini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirməkdir.

Xaricdə yaşayan azərbaycanlılarla işin hər zaman dövlətimizin diqqət mərkəzində olduğunu deyən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Natiq Heydərov Azərbaycan diasporunun formalaşmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb, dövlətimizin xarici siyasətinin uğurla həyata keçirilməsində diasporun rolu, xaricdəki gənclərimizin ictimai fəallığı haqqında fikirlərini bölüşüb.

“Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili, DJB-nin baş katibi Siyavuş Əmirli məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”ndə ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, dövlətimizin diasporun inkişafı istiqamətində gördüyü işlər barədə danışıblar.

Sonda tədbir iştirakçıları ADU-da fəaliyyət göstərən mərkəzlərlə tanış olublar.
Bu xəbər oxucular tərəfindən 1318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed