Şrift:
Türk əsilli terrorçuların əməlləri Avropadakı türklərə problem yarada bilərmi...
11.04.2017 [10:04] - Xəbərlər, Siyasət, MDH, Fərəc Quliyev
Fərəc Quliyev: “Bu siyasətin arxasında düşünülmüş oyunlar oynanılır”

Son zamanlar Avropada baş verən bir çox terror aktlarının türk əsilli şəxslər tərəfindən törədilməsi anti-müsəlman, anti-türk əhval-ruhiyyəsini gücləndirib. Proseslərin bu şəkildə davamının Avropadakı türklərlə bağlı təhlükəli tendensiyanın yaranması ilə nəticələnə biləcəyi barədə fikirlər səsləndirilir.

Ekspertlər mövcud situasiyanın Avropanın çoxdan həyata keçirmək istədiyi anti-türk siyasətini gerçəkləşdirmək, türkləri xristian ölkələrindən qovmaq üçün bəhanə yaratdığını vurğulayırlar. Amerikada Donald Trampın prezident seçilməsində onun müsəlmanlarla bağlı dediklərinin mühüm rol oynaması, eləcə də bir çox Avropa ölkəsində məscidlərin bağlanması tələblərinin səslənməsi vəziyyətin nə qədər ciddi olmasına işarə edir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, Avropada bilərəkdən terrorda müsəlmanların günahkar olmaları hər addımbaşı gündəmə gətirilir: “Londonda baş verən terrorun sonradan bu qədər ictimailəşdirilməsi onu göstərdi ki, bunu bilərəkdən edirlər. Avropada yaşayan müsəlmanları, türkləri çıxarmaq üçün əllərinə əsas salmaq istəyirlər. Son zamanlarda dünyada daha çox millətçilərin hakimiyyətə gəlməsi və onların əhalini miqrantlarla bağlı qorxuzmaları çox mətləblərdən xəbər verir. Açıq şəkildə məscidlərin bağlanması, Quranın ölkədən çıxarılması, müsəlmanların qovulması kimi şüarlarla çıxış edilir. Əgər bir ölkədə müsəlman terror törədirsə, bunun digərlərinə nə dəxli var? Kimsə birinin cinayətinə görə məsuliyyət daşımamalıdır. Avropada dəfələrlə çox böyük terrorlar baş verib. Uşaqları məktəblərdə öldürüblər, özü də xristianlar ediblər. Amma bu qədər böyük səs-küyə səbəb olmayıb. Baş naziri bıçaqla vurdular, bunu ruhu xəstə adı ilə ört-basdır etdilər, terror olmadığını dedilər. Amma müsəlmanların terrorunu elə qabardırlar ki, onların qovulması üçün əsas olsun. Bu, çox təhlükəli tendensiyadır. Almaniyada məscidlərin bağlanması şüarı ilə çıxış edirlər. Əgər bunlar baş verərsə, gerçəkdən təhlükəli addımlar atılar. Hesab edirəm ki, bu siyasətin arxasında düşünülmüş oyunlar oynanılır. Terrorun dini, məzhəbi, milliyyəti olmur. Qeyri-müsəlmanların nə qədər terror faciələri törətdiyinin zamanla şahidi olmuşuq. Təəssüflər olsun ki, Avropa dövlətləri müsəlmanlarla bağlı ortaq siyasət yürüdürlər. Bunlar türk etnosunun terrorçu, İslam dininin isə terror dini kimi təqdimatından başqa bir şey deyil”.

Deputat İslam ölkələri ilə xristian dünyasının üz-üzə dayanmasından danışdı: “Müsəlman dünyasına heç bir aidiyyəti olmayan İŞİD yaradılıb. Təsəvvür edin ki, terror təşkilatının fəaliyyət dairəsi ən çox müsəlman dövlətlərini əhatə edir. Zərbə vurduqları İslam dini, öldürdükləri isə müsəlmanlardır. Bunların İslama nə aidiyyəti ola bilər? Son zamanlarda artıq məlum olub ki, İŞİD-in tərkibində vuruşanların çoxu Avropadan gələn qeyri-müsəlmanlardır. Onu da müsəlman olmayan dövlətlər yaratdılar. Əslində bunlar Səlib yürüşlərinin başqa bir formasıdır. Məqsəd bütün müsəlman dövlətlərini çökdürməkdir. İslam ölkələrinin dirçəlişi onları qorxudur. Misir, İraq, Əfqanıstan və digər müsəlman ölkələri qazanclarını on illərlə bərpa işlərinə sərf etməlidirlər. Xristianların İslama qarşı savaşları, sadəcə, başqa adla aparılır. Dinimizin Avropada yayılmasının qarşısını almaq istəyirlər. Bu tədbirlərin arxasında artıq iqtisadi və siyasi amillər üzə çıxmağa başlayıb. Bunun qarşısını almaq üçün bir sıra tədbirlərə al atıblar ki, belə tədbirlərdən biri də miqrantların ölkələrdən çıxarılmaları ilə bağlıdır. Siyasət odur ki, müsəlman dövlətləri qoltuqaltı olsunlar. Türk- İslam ənənələrinə söykənən evimizi qurmalıyıq. Başqa yol yoxdur”.


Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed