Şrift:
Həbib Sasaniyan haqqında 1 milyard tümənliki mülki vəsiqə qərarı çıxarılıb
11.04.2017 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz məhkəməsi təxminən bir ildir bu şəhərin mərkəzi zindanında müvəqqəti olaraq saxlanılan azərbaycanlı milli-mədəni fəal Həbib Sasdaniyan haqda ağır mülki vəsiqə qərarı çıxarıb.

Bu barədə “Araz News” saytında xəbər yayılıb.

“Həbib Sasaniyana aid dosyenin hakimi cənab Baqirpur fəalın ailəsinə onun qeyri-müəyyən vəziyyətinə son qoymaq və dosyeyə baxacaq yeni şöbənin müəyyənləşdirilməsi ilə bağlı vəd verdiyi bir vaxtda hakim azərbaycanlı fəal barəsində 1 milyard tümənlik mülki vəsiqə qərarı çıxarıb. ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi aprelin 9-da fəalın dosyesini məhkəməyə göndərib, lakin hakimə təzyiq edərək onu 1 milyard tümənlik vəsiqə qərarı çıxarmağa məcbur edib”- deyə yayılan məlumatda bildirilir.

Hakim, H.Sasaniyanın uşaqları və digər ailə üzvlərinin məhkəmə qarşısına toplaşaraq onun azadlığını tələb etmələrinə baxmayaraq fəal haqda belə bir qərar çıxarıb.

H.Sasaniyanın müvəqqəti saxlanma müddəti 12-ci aydır ki, Təbrizin İnqilab Məhkəməsi tərəfindən uzadılır. Fəal, uzun müddətdir qanunsuz və qeyri-müəyyən vəziyyətdə saxlanıldığına etiraz olaraq aprelin 3-dən aclıq aksiyasına başladığını elan edib. Məlumata görə, qan təzyiqi və böyrək xəstəliklərindən əziyyət çəkən fəalın səhhəti getdikcə ağırlaşır.

Həbib Sasaniyan 2016-cı il mayın 15-də daha 5 fəalla birlikdə Ərdəbildə saxlanılıb. Fəalın nədə ittiham olunduğu dəqiq olaraq məlum olmasa da, onun Azərbaycan-Ermənistan münaqişəsi və bu məsələ ilə bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulduğu deyilir.

43 yaşlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

N.S
Bu xəbər oxucular tərəfindən 383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed