Şrift:
Azərbaycanlı fotoqraf Sofiyada keçirilmiş VİPA 2016 müsabiqəsində ikinci yeri tutub
11.04.2017 [15:16] - Köşə yazarları, Mədəniyyət
Sofiya şəhərində “Voubs International Photography Awards 2016” (VİPA 2016) fotomüsabiqəsinin ilk mükafatlandırma mərasimi keçirilib. Müsabiqədə 593 fotoqraf iştirak edib. Qaliblər Avstraliya, ABŞ, Rusiya, Cənubi Afrika Respublikası, Banqladeş, İsrail, Portuqaliya, Rumıniya və Bolqarıstandan olan peşəkar fotoqraflardan ibarət beynəlxalq jüri tərəfindən və 87 ölkədən yüz minlərlə tamaşaçının səsverməsi nəticəsində müəyyən olunub. Səkkiz ay davam edən və 2 mərhələli səsvermədən sonra “İnsanlar”, “Qida məhsulları”, “Dəb fotoqrafçılığı”, “Memarlıq”, “Reportaj” və “Bolqarıstandan cəlbedici fotoşəkillər” nominasiyalarında ən yaxşı kadrlar müəyyən olunub.

Mükafatlandırma mərasimində Rumıniya, Bolqarıstan, İtaliya, Serbiya, Rusiya, Malayziya, Portuqaliya, Slovakiya, Belarus, Banqladeş, Yeni Zelandiya və Azərbaycandan olmaqla 30 peşəkar və həvəskar fotoqraf qalib elan olunub. Həmyerlimiz Rəşad Mehdiyev “Dəb fotoqrafçılığı” nominasiyası üzrə 2-ci yerə layiq görülüb.

Tədbirdə, həmçinin “İlin fotoqrafı” nominasiyasında elan olunmuş qalibə “Qızıl Voubs” fəxri heykəlciyi və 5000 avro məbləğində mükafat verilib. Ümumi mükafat fondu 41.000 avro olan VİPA 2016 dünyada ən böyük onlayn foto-müsabiqələrdən hesab olunur. Tədbir çərçivəsində qaliblərin əsərləri nümayiş olunub.

İqbal Hacıyev
Bu xəbər oxucular tərəfindən 268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed