Şrift:
Belarusda Azərbaycan gəncləri günü keçirilir
12.04.2017 [10:38] - Gənclik
Belarusun paytaxtı Minskdə Azərbaycan gəncləri günü keçirilir.

Aprelin 12-dək davam edəcək tədbirdə Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayevin başçılıq etdiyi gənclərdən ibarət nümayəndə heyəti təmsil edir.

Tədbir çərçivəsində Minskdə İ.Babayevin və Belarusun təhsil naziri İqor Karpenkonun yerli fəal gənclərlə açıq söhbət formatında görüşü keçirilib. Görüşdə iştirakçılara hər iki ölkədə gənclərlə iş sahəsində görülən tədbirlər barədə məlumat verilib.

İ.Babayev Azərbaycanda keçirilən birinci Avropa Oyunlarından, burada iştirak edən könüllülərin fəaliyyətindən ətraflı danışıb. Nazir müavini, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti, ölkəmizdə gənclər sahəsində görülən işlər, qəbul olunan Dövlət proqramları haqqında Belarus gənclərinə məlumat verib.

Belarusun təhsil naziri İqor Karpenko ikinci Avropa Oyunlarının Minskdə keçirilməsinin düzgün seçim olduğunu vurğulayıb və bu sahədə Azərbaycanın təcrübəsinin onlar üçün böyük önəm daşıdığını bildirib.

Sonda İ.Babayev və İ.Karpenko gəncləri maraqlandıran sualları cavablandırıblar.

Belarusda təhsil alan həmyerlilərimizin də iştirak etdikləri tədbirdə hər iki ölkənin gənclər siyasəti müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed