Şrift:
“ADA” Universiteti Abdulla Gül Universiteti ilə əməkdaşlıq edəcək
12.04.2017 [10:38] - Türk dünyası-Turan
ADA” Universiteti Türkiyənin daha bir ali təhsil ocağı ilə əməkdaşlığa başlayır.

Aprelin 11-də “ADA” Universitetində bu ali məktəb ilə Türkiyənin Abdulla Gül Universiteti arasında əməkdaşlığa və tələbə mübadiləsinə dair anlaşma memorandumları imzalanıb.

Universitetdən bildiriblər ki, memorandumları xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev və Abdulla Gül Universitetinin rektoru, professor İhsan Sabunçuoğlu imzalayıblar.

İmzalanma mərasimində Türkiyənin sabiq prezidenti Abdulla Gülün başçılığı ilə universitetin nümayəndə heyəti iştirak edib.

Abdulla Gül təhsil və tədris proqramlarına xüsusi marağını ifadə edərək hər bir ölkə üçün ən yaxşı yatırımın məhz təhsil sahəsi olduğunu söyləyib.

Rektor Hafiz Paşayev ilə fikir mübadiləsi zamanı Abdulla Gül Universiteti və “ADA” Universiteti arasında müəyyən sahədə, o cümlədən ixtisaslar baxımından çox oxşarlıqların olduğu bildirilib.

Qeyd edilib ki, bu baxımdan hər iki ali təhsil ocağı arasında qurulacaq əməkdaşlıq qarşılıqlı fayda verəcək. Memorandumlara əsasən tərəflər birgə akademik və tədqiqi layihələr həyata keçirəcək, müəllim və tələbə mübadiləsi aparacaqlar.

Sonra qonaqlar “ADA” Universitetinin tədris mərkəzi ilə tanış olublar. Türkiyənin sabiq prezidenti universitetdə fəaliyyət göstərən tələbə musiqi klubunun təşkil etdiyi konsertdə də iştirak edib. Abdulla Gül “ADA” Universitetində fəal tələbə həyatını yüksək dəyərləndirib.

Qeyd edək ki, Türkiyənin sabiq prezidenti Abdulla Gül 2015-ci ildə iqtisadiyyat elmində nailiyyətlərinə və Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərinə görə “ADA” Universitetinin fəxri doktoru adına layiq görülüb.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed