Şrift:
Bakı Olimpiya Stadionu İslam Oyunlarının açılışına hazırlanır
18.04.2017 [10:23] - İdman
Bakı Olimpiya Stadionunda “Bakı 2017 İslam Həmrəyliyi Oyunları”nın açılış mərasiminə hazırlıq işləri həyata keçirilir.
Bu haqda Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva bildirib.

C.Mehdiyeva deyib ki, stadion yarışlar üçün hazır vəziyyətə gətirilmək üzrədir:

“Dekorasiyalar quraşdırılır, müvafiq zonalar qaydaya salınır. Stadionda əvvəlcə açılış mərasimi, atletika/para atletika yarışları, sonda isə bağlanış mərasimi olacaq. Biz bütün bu tədbirlərə aktiv şəkildə hazırlıqlar görürük”.

Departament rəhbəri bildirib ki, vətəndaşlar biletləri şəhərin müəyyən olunmuş nöqtələrindən ala bilər:
“Biletlər artıq satışdadır. Olimpiya Stadionunda satış nöqtəsi yoxdur. Vətəndaşlar biletləri “ASAN xidmət” mərkəzlərindən, ticarət mərkəzlərindən və mərkəzləşdirilmiş kassalardan ala bilərlər”.
Açılış mərasimində iştirak edəcək qonaqlara gəlincə, C.Mehdiyeva bu barədə ətraflı məlumat verməyib:
“Biz hazırlıq prosesini izləmirik. Yalnız əməliyyat prosesinə nəzarət edirik. Hansı konsepsiyaların olacağı barədə bizdə məlumat yoxdur”.

“Bakı 2017 İslam Həmrəyliyi Oyunları” 12-22 may tarixlərində Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Təşkilat Komitəsinin yaydığı məlumata görə satışa 500 000 bilet çıxarılacaq. Bakı 2017 islam Həmrəyliyi Oyunlarında azarkeşlər 20 idman növü və 170 idman sessiyasını izləmək imkanı əldə edəcək.
Açılış mərasiminə biletin qiyməti 20-200 AZN, bağlanış mərasimi üçün isə 10-100AZN civarında dəyişəcək.
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasiminə 55 gün qaldığı ərəfədə Oyunların ilk bileti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci vitse-prezident, eyni zamanda Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim olunub.
Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında 57 ölkənin idmançılarının yarışacaqları rəsmən bəyan edilib.

Gülşən RAUFQIZI
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed