Şrift:
“Simurq quşu” baleti azərbaycanlı xoreoqrafın quruluşunda
18.04.2017 [10:35] - Mədəniyyət
Mayın 9-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində İqor Stravinskinin anadan olmasının 135-ci ildönümü münasibətilə “Simurq quşu” adlı balet axşamı keçiriləcək.
Balet axşamı proqramının ikinci hissəsində İqor Stravinskinin “Simurq quşu” əsəri nümayiş etdiriləcək. Baletin quruluşçu xoreoqrafı, librettosunun müəllifi və işıq üzrə rəssamı həmvətənimiz Eldar Əliyevdir. Gecədə digər balet səhnələri də Eldar Əliyevin redaktəsində və quruluşunda təqdim olunacaq.

E.Əliyev Bakıda doğulub. O, Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed