Şrift:
Fransa prezidentliyinə namizəd: “Stalin Dağlıq Qarabağı Ermənistandan qoparıb Azərbaycana verdi” - sərsəm iddia
19.04.2017 [11:03] - Siyasət
Fransada isə xeyli sayda erməni seçici də yaşayır.

Təbii ki, onların səsini almaq üçün namizədlər bəlli vədlər vermək zorundadır. Bu vədlərdən biri və birincisi sözsüz ki, Dağlıq Qarabağla bağlıdır. Söhbət konfliktin həllində ermənilərin istəyinə və maraqlarına uyğun mövqe sərgiləməkdən gedir. Və belə görünür, prezidentliyə namizədlər də bu xüsusda “xəsislik” etməyə hazırlaşmırlar. Bu da isti fakt.


“Erməni əsilli fransızlar Dağlıq Qarabağdakı situasiyadan narahatdırlar”. Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, bu sözləri Parisdəki “Nouvelles d'Arménie” nəşrinə müsahibəsində prezidentliyə namizəd Fransua Fion deyib. Onun sözlərinə görə, namizəd özü də situasiyadan narahatdır.


“2016-cı ilin aprelində altı gün ərzində Cənubi Qafqaz yenidən alovlandı. Beynəlxalq birliyin laqeydliyi fonunda Azərbaycan güc yolu ilə Dağlıq Qarabağı ələ keçirməyı cəhd elədi. Öldürücü hücum atəşkəsin qeyri-stabil rejimi ilə sonuclandı”, - deyə Fransua Fion iddia edib. Fransız siyasətçinin sözlərinə görə, Dağlıq Qarabağ regionda barıt çəlləyidir. “Yaddan çıxarmaq lazım deyil ki, Dağlıq Qarabağın statusu problemi Stalinin üzündən yaranıb. Stalin 1921-ci ildə Dağlıq Qarabağı özbaşına Ermənistandan qopararaq, Azərbaycana verib. İndi BMT-nin köməyi ilə dinc və davamlı nizamlama tapmaqdan savayı seçim yoxdur”, – prezidentliyə iddiaçı bildirib.


Əvvəla, prezidentliyə namizədin həqiqətən bu ifadələri işlətdiyini söyləmək çətindir. Çünki erməni qaynaqları və təbliğat maşını bir qayda olaraq, tanınmış siyasilərin bəyanat və açıqlamalarını öz xeyrinə təhrif eləməyi xoşlayır. Lakin konkret halda söhbət saxta soyqırımı tanımış və hətta onu illərdir kriminallaşdırmağa çalışan bir Avropa dövlətindən - Fransadan gedirsə, prezidentlik uğrunda mübarizə aparan fransız siyasətçilərdən gedirsə, belə fikirlərə şəkk gətirmək də olmur. Onu da unutmaq olmaz ki, qondarma “DQR”in ən böyük nümayəndəliyi məhz Parisdədir.


Qeyd edək ki, Fransua Pion prezidentliyə namizədlər arasında kifayət qədər şanslı sayılır. Lakin bu günə olan rəy sorğularına görə o, seçki favoritliyini itirib. Bununla belə, ABŞ-dakı kimi seçkilər zamanı sürpriz də istisna edilmir. Bir şeyi dəqiqliklə söyləmək olar ki, 4 namizəddən heç biri Azərbaycanın dostu deyil.


Bunun bir səbəbi Fransada çoxsaylı və fəal erməni icmasının yaşaması, ermənilərin kifayət qədər yüksək dövlət postları tutmasıdırsa, ikinci mühüm səbəb əlbəttə ki, xristian amili və ya gizli xristian təəssübkeşliyidir. Heç təsadüfi deyil ki, indiki prezident Fransua Olland da daxil, Fransanın bütün prezidentləri Ermənistana loyal yanaşıb, Olland isə Ermənistanı “Fransanın kiçik bacısı” adlandırıb. İki il öncə - 2015-ci ilin aprelində İrəvanda saxta soyqırım iddiasının 100 illik törəninə qatılmış 3 prezidentdən biri də məhz Olland idi.


Ollandın az öncə, öz postundan gethagetdə Parisdə erməni lobbiçiləri ilə görüşdə “Dağlıq Qarabağ xalqı” ifadəsi işlətməsi və münaqişənin həlli üçün bu “xalqa” öz müqəddəratını təyinetmə haqqının tanınmasını vacib sayması da özlüyündə çox şeyi deyir. İndi belə çıxır ki, Fransada bir ermənipərəst prezidenti digəri əvəzləyəcək. Bu, rəsmi Bakıya Qarabağla bağlı təbliğat savaşını gücləndirmək üçün mühüm bir siqnaldır.



Ən absurdu da belə bir dövlətin ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olması, yəni qərəzsiz vasitəçiliyə iddia eləməsidir. Cəmi 100 il öncəki hadisələrdən, yaxın tarixdən bixəbər bir şəxsin Fransa dövlətinin başçısı postuna iddialı olması isə ikiqat üzücüdür.


ZƏRURİ ƏLAVƏ: tarixçi olmayanlar da bilir ki, Dağlıq Qarabağ heç vaxt Ermənistan adlı saxta dövlətin tərkibində olmayıb. Bu absurddur. Yəni Stalin istəsəydi belə, Azərbaycana “yaxşılıq” edə bilməzdi. O Stalin ki, erməniləri deyil, məhz yüz minlərlə azərbaycanlını öz yurd yerlərindən deportasiya edib – özü də Ermənistan adlı qondarma dövlətdən. Stalinin kimin dostu olduğu, onun “vuran əlləri”dən birinin məhz A. Mikoyan olması da daşlaşmış həqiqətdir.
Bu xəbər oxucular tərəfindən 300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed