Şrift:
Üzərliyin müalicəvi qüvvəsi
20.04.2017 [10:44] - Sağlıq
Üzərlik çoxillilik bitkidir, quru iqlim şəraitində özünü yaxşı hiss edir.

Azərbaycanda üzərlik quru iqlim şəraiti olan bütün bölgələrdə, Abşeronun isə demək olar, hər qarışında bitir.

Ən maraqlı xüsusiyyəti əsasən qəbiristanlıqda yetişməsidi. Hətta üzərliyin rus dilində adlarından biri də «moqilnik»dir ki, bu da tərcümədə «köhnə qəbiristanlıq» deməkdir. Azərbaycanda üzərliyə olan mistik münasibət və inanclar, ola bilsin, elə bu bitkinin qəbiristanlıqda yetişməsi ilə əlaqədardı. Elmi mənbələr üzərliyin niyə məhz qəbiristanlıqda bitdiyini izah etmir.

Üzərlik son dərəcə qiymətli bir müalicəvi bitkidi. İbn Sina (Avisenna) və digər qədim zamanların dahi alimləri öz elmi işlərində üzərliyin çoxsaylı müalicəvi xüsusiyyətləri haqqında yazırdılar.

Orta əsr alimləri üzərliklə kəskin əsəb xəstəliklərini, epilepsiyanı, iflici, zəif görməni müalicə edirdilər.

Orta əsr mənbələrində üzərliyin xassəcə isti və quru olduğu, bədəni isti saxladığı, yuxu gətirdiyi, aybaşını açdığı, sinəni yumşaltdığı, qatı bəlğəmi, bağırsaqlardan qazı çıxardığı, qanı durulaşdırdığı haqda da bilgilər var.

Üzərlik zəhərli bitkidir. Onun tərkibində çoxlu miqdarda "alkaloid"lər var. Bu səbəbdən üzərliyin həddən artıq miqdarlarda qəbulu orqanizmə (xüsusilə insanın qan-damar və sinir sisteminə) mənfi təsir edir - qıcolmalara və hallyusinasiyalara, nəfəsalmanın, ürək fəaliyyətinin pozulmasına səbəb ola bilər. Bu səbəbdən üzərliyi istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.

Üzərliyin dəmləmələri soyuqdəymə xəstəlikləri, qarqara şəklində damaqların möhkəmləndirilməsi üçün istifadə olunur.

Revmatizm zamanı üzərliklə olan vannalar çox yaxşı müalicəvi effekt verir. Həmçinin üzərlik dəmləmələri müxtəlif dəri xəstəlikləri zamanı da çox effektlidir.

Üzərlik mikrobəleyhinə təsir edir, orqanizmi qurdlardan təmizləyir.

Üzərlik sidikqovucu, ödqovucu və bəlğəmgətirici təsirə malikdir, yüksək arterial təzyiqi aşağı salır, qan dövranı yaxşılaşdırır.

Sidik kisəsi və sidik yolları iltihabları zamanı üzərliyin dəmləməsi təsili müalicəvi vasitə kimi istifadə oluna bilər.

Üzərlik həmçinin bağırsaqlara işlədici təsir edir.

Xalq təbabətində üzərliyin dəmləməsi mərkəzi sinir sistemi xəstəlikləri zamanı istifadə olunur. Üzərlik beyinin damarlarını genişləndirir, beyində qan dövranını yaxşılaşdırır.

Üzərliyin toxumu oynaq ağrılarının birinci dərmanıdı. Təpitməsi isti-isti bədənin ağrıyan yerinə qoyulanda ağrıları kəsir.

Yanan üzərliyin tüstüsü də çox xeyirlidir - mikrobları öldürür, sakitləşdirir, yuxusuzluqla mübarizə aparmağa kömək edir.

Əslində Azərbaycanda üzərlikdən istifadə daha çox onun başqa xüsusiyyəti ilə bağlıdı. Azərbaycan mifologiyasında, inanclarında və elə indiki məişətində də üzərlik yalnız bir xüsusiyyətinə görə seçilir. Bu da onun insanı bədnəzərdən qorumasına inamla bağlıdı. Ona görə üzərliyə demək olar ki, hər evdə rast gəlmək mümkündü.

İslam dininə görə, bədnəzərdən gözmuncuğu, mollanın yazdığı dua, üzərlik və s. "vasitələrlə" qorunmaq mümkün deyil. Bədnəzərdən qorunmaq üçün «Əl-Fəlaq» və «Ən-Nas» surələrini oxunmaq məsləhətdi.
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed