Şrift:
Araz Əzimov: “Ümidvarıq ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəaliyyətinə korrektələr edəcək”
14.10.2011 [10:21] - Xəbərlər
“Münaqişənin nizamlanmasına dair siyasi səyləri gələcəkdə də davam etdirməyə hazırıq”

“Dağlıq Qarabağ münaqişəsinin həllində əsas məqsəd Azərbaycan ilə Ermənistan arasında münasibətlərin beynəlxalq hüququn normaları əsasında nizamlanmasıdır. Bu, özündə hazırda ərazilərinin 20 faizi işğal olunmuş Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanınmasını ehtiva edir. Biz münaqişəsinin nizamlanmasına dair siyasi səyləri gələcəkdə də davam etdirməyə hazırıq”. Bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Ukraynanın “Den” qəzetinə müsahibəsində deyib.
Araz Əzimov hələlik aparılan danışıqların nəticəsiz qaldığını vurğulayıb: “Bu zaman ortaya ATƏT-in Minsk Qrupu çərçivəsində, son zamanlar isə Rusiya prezidenti Dmitri Medvedyevin aktiv iştirakı ilə aparılan gerçəkləşdirilən və davam edən danışıqlar prosesində nəticənin olmaması sualı ortaya çıxır. Təəssüf ki, Kazanda nəticə əldə olunmadı və bundan sonra fasilə yarandı. Bununla belə avqustda Soçidə prezidentlər Əliyev və Medvedyevin görüşü keçirildi və ümidvarıq ki, Rusiya bu görüşün nəticələri əsasında öz fəaliyyətinə korrektələr edəcək və Minsk Qrupunun digər həmsədrləri ilə prosesi aktivləşdirməyə çalışacaq. Lakin biz Ermənistan prezidentinin hücum xarakterli bəyanatlarını daha tez-tez eşitməyə başlamışıq, hansı ki, bu bəyanatları spekulyativ hesab edirik. Söhbət Nyu-Yorkda verilən və Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının zəruriliyi barədə bəyanatdan gedir. Biz həmçinin Ermənistanın hücum xarakterli silah almaq səylərini gücləndirmək faktları ilə üzləşirik. Mənə elə gəlir ki, onlar məqsədyönlü şəkildə Rusiya sülhməramlılarının tez bir zamanda iştirakına hesablanan hansısa böhran yaratmağa çalışırlar. 2008-ci ilin avqustunda qonşu Gürcüstanda baş verən hadisələrlə analogiya apara bilərəm. Proqnozlaşdırılması asan olan bu kimi böhranın inkişafı son dərəcə neqativ nəticələrə gətirib çıxara bilər. Azərbaycan hansısa böhranın baş verməsində maraqlı deyil. Biz ərazimizin bütövlüyünü və toxunulmazlığını, əhalinin işğal olunmuş ərazilərinə qayıdışını, kommunikasiyaların bərpasını təmin edəcək və növbəti mərhələdə siyasi problemlərin nizamlanması üçün qonşu dövlətlərlə əməkdaşlığının əsasını qoyacaq sakit, normal razılaşmaların əldə olunmasında maraqlıdır”.
Araz Əzimov Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında oynaya biləcəyi rolu da dəyərləndirib: “Ukrayna da Azərbaycan kimi ATƏT-in üzvüdür, buna görə də, Ukraynanın bütün nöqteyi-nəzərlərdən, tərəfdaşlıq, əməkdaşlıq maraqlarından çıxış edərək bu münaqişənin tez bir zamanda nizamlanmasında maraqlı olması üçün bütün əsaslar var. Bilirik ki, Ukrayna münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasını dəstəkləyir. Ukrayna bir vaxtlar ölkəmizə qarantiya verib ki, əgər münaqişə zonasında sülhməramlı əməliyyat keçirilsə, ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin tərkibində bu əməliyyatda iştirak etməyə hazırdır. Bundan başqa Ukraynanın bu münaqişənin nizamlanmasında maraqlı olması üçün hər cür əsas var. Burada Ukraynanın tezliklə ATƏT-ə sədrlik edəcəyi amili də az rol oynamır. Bu məsələdə Ukraynaya çoxlu uğur diləmək istəyirəm, lakin kontekstdə də müəyyən çətinliklər var. Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə pozitiv töhfə verəcəyinə ümidvarıq. Bunun üçün Ukraynanın imkanları var”.
Bu xəbər oxucular tərəfindən 1131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed