Şrift:
Sumqayıtda abadlıq və quruculuq işləri geniş vüsət alıb
22.04.2017 [09:56] - Xəbərlər, İqtisadiyyat
Son illərdə ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhəri də yeni inkişaf mərhələsini yaşayır. Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində şəhərdə əsaslı və kompleks yenidənqurma işləri görülüb.

Sumqayıtda gedən quruculuq və abadlıq işləri son iki ildə geniş vüsət alıb. Hazırda şəhərin ümumi görkəminə xələl gətirən yaşayış evlərinin fasad hissəsi aqlay daşla üzlənir, rənglənir və dam örtüyü yenilənir.

Prezident İlham Əliyevin Sumqayıtda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlərə dair imzaladığı sərəncamlar və Prezidentin Ehtiyat Fondundan vəsait ayrılması çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi ilə yanaşı, görülən işlərə daha da stimul verib.

Sumqayıtın mənzil fonduna 1364 yaşayış binası daxildir. Şəhərdə gedən quruculuq-abadlıq işləri nəticəsində 5, 6, 9, 13, 17 və 18-ci mikrorayonlarda, həmçinin 1,2,3 və 4-cü, 30-cu məhəllədə, ümumilikdə isə şəhər üzrə 353 binanın dam örtüyü metal kirəmit örtüklə əvəzlənib. Hazırda 9, 10, 11 və 12-ci mikrorayonlarda binaların dam örtüyündə işlər sürətlə davam edir. Bununla yanaşı, 127 binanın fasadı rənglənib, 53 binada 280 pilləkən qəfəslərində ağartma işləri aparılıb, binaların girişlərinə yeni dəmir kodlu qapılar quraşdırılıb. Heydər Əliyev və Azərbaycan küçələrində üçmərtəbəli 18 binanın üz divarları aqlay daşla, memarlıq baxımdan zövqlə, yüksək peşəkarlıqla üzlənib. Mərkəzi küçələrdə yerləşən yaşayış evlərinin, klassik və memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən binaların fasadları, eyvanları, dam örtüklərinin təmir olunması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Şəhər sakinləri aparılan abadlıq-quruculuq işindən və ölkə Prezidentinin məqsədyönlü siyasətindən razılıqlarını bildirirlər.

Sumqayıtda şəhərin simasının günün tələbləri səviyyəsində qurulmasını təmin etmək məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi üçün şəhər icra hakimiyyətində xüsusi proqram hazırlanıb. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq şəhərdə irihəcmli infrastruktur layihələr bundan sonra da davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 623 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed